Bakıda Frankafoniya Günlərinin açılış mərasimi keçirilib - FOTO

Bakıda Frankafoniya Günlərinin açılış mərasimi keçirilib - FOTO
# 30 mart 2022 16:26 (UTC +04:00)

Frankafoniya Günlərinin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, açılışda çıxış edən Fransa səfiri Zakari Qross bildirib ki, Bakıda iki ildən sonra Frankofoniya festivalı baş tutur.

O deyib ki, COVID-19 virusu ilə əlaqədar bu festival təxirə düşmüşdü. Səfir deyib ki, festivala 6 ölkənin səfirlikləri öz töhvələrini verəcək.

Festival çərçivəsində filmlərin nümayiş olunacağını, məktəblərdə konkursların keçiriləcəyini deyən diplomat bu festivala marağın böyük olacağına ümid etdiyini deyib.

"Şadam ki, Azərbaycanda Fransız dilinin tədrisi inkişaf edir. Son 4 il ərzində fransız dilində təhsil alanların sayı 40 faiz artıb. Orta məktəblərdə fransız dili ingilis və rus dillərindən sonra tədris olunan üçüncü dildir. Hər bir dilin cəlbediciliyi onun elm sahəsinə, mədəniyyətə çıxışının olması ilə bağlıdır", səfir vurğulayıb.

Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs mətbuat konfransında çıxışında deyib ki, onun ölkəsi bu festivalda filmlə təmsil olunacaq. "Dörd ağ köynək filmi" 1967-cı ildə çəkilsə də onun nümayişinə Sovet dövründə qadağa tətbiq olunmuşdu. Film 2018-ci ildə ilk dəfə nümayiş olunub", səfir bildirib. Latviyalı diplomat film barədə qısa məlumat verib.

Mətbuat konfransında çıxış edən Litvanın Azərbaycandakı səfiri Egidius Naviskas deyib ki, festivalda onun ölkəsi sərgi ilə iştirak edəcək. "Bu sərgi bu il Avropanın mədəniyyət paytaxtı seçilmiş Kaunas şəhəri ilə bağlıdır. Fotosərgi "Mənim Optimizmim" adlanır. Bu sərgi modernist arxitekturaya həsr olunub, Birinci və İkinci Dünya Müharibələri arasındakı dönəmdə Kaunasın arxitekturasını nümayiş etdirəcək", litvalı diplomat deyib.

Səfir deyib ki, sərgi 6-8 aprel tarixlərində "Art Galery Tower"də baş tutacaq.

Frankofoniya festivalının digər iştirakçısı Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxışında deyib ki, Frankafoniya təşkilatı ətrafında 80 ölkəni birləşdirir. Bu təşkilat mədəni, siyasi cəhətdən fərqli olsa da, ortaq məqamları özündə birləşdirən ölkələri ətrafında toplayıb.

"Bu fərqli xalqlarının yaxınlaşmasında, təmasında fransız dilinin rolu böyükdür. Azərbaycanda fransız dilinin öyrənənlərinin sayının artması sevindiricidir. Azərbaycanın geniş imkanları var ki, Frankafoniyanın üzvü olsun. Mərakeş səfirliyi olaraq Azərbaycanın bu istiqamətdə atacağı addımları dəstəkləməyə hazırıq", diplomat vurğulayıb.

Səfir Embarş deyib ki, onun ölkəsi festivalda iki filmlə təmsil olunacaq. İlk film aprelin 1-də nümayiş olunacaq.

Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert çıxışında bildirib ki, Çex Respublikası bu festivalda bir filmlə - "Joke" ("Zarafat") təmsil olunacaq. Film Milan Kunderanın əsəri əsasında çəkilib. Film aprelin 2-də nümayiş olunacaq.

Meksika Səfirliyinin birinci müşaviri Alberto Aura Qonzales deyib ki, onun ölkəsi fransız dilinə və mədəniyyətinə xüsusi maraq göstərir. "Ölkəmizdə 350 mindən çox adam fransız dilini öyrənir", diplomat deyib. O bildirib ki, Meksika 2014-cü ildə Frankofoniya təşkilatında müşahidəçi statusu alıb.

O deyib ki, Meksika bu festivalda bir sənədli filmlə təmsil olunacaq.

Fransanın Azəraycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerom Kel festivalda Fransanın 5 filminin nümayiş olunacağını deyib.

O bildirib ki, festival çərçivəsində kitab təqdimatı da baş tutacaq.

Azərbaycan Fransız İnstitutunun direktor müavini Conatan Ünlü çıxışında deyib ki, festival çərçivəsində məktəblərdə müsabiqələr keçiriləcək.

"Fransız dili beş qitədə 321 milyon insanın danışdığı dildir, 2014-2018-ci ildə fransız dilində danışanların sayı 10 faiz artıb, 2018-2022-ci illərdə isə bu artım 7 faiz olub. Azərbaycanda da bu dilin tədrisi inkişaf edir. Hər il Azərbaycan məktəblərinin şagirdləri də bu festival çərçivəsindəki tədbirlərə qoşulurlar. Məktəblərlə yanaşı, universitetlər də bu festivalda aktiv iştirak edir. ADU, Naxçıvan və Gəncə Universitetlərində natiqlik müsabiqələri keçiriləcək", o deyib.

Conatan Ünlü bildirib ki, bu müsabiqənin qalibi olacaq tələbə Fransaya səyahət qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR