Moldovanın sabiq baş naziri: Neytrallıq statusu ölkəmizin marağına ən uyğun haldır - MÜSAHİBƏ

Çiril Qaburici

© APA | Çiril Qaburici

# 11 mart 2023 17:29 (UTC +04:00)

Moldovanın sabiq Baş naziri Çiril Qaburicinin APA-ya müsahibəsi

- Ukraynada müharibənin başlanması ilə Moldovada təhlükəsizlik vəziyyəti necə dəyişib?

- Biz hazırda çox çətin zamanda yaşayırıq. Ukraynada davam edən müharibənin təzyiqini Moldovada hiss edirik. Çox təəssüfləndirici haldır ki, belə bir dövrdə, bəşəriyyətin bir sıra sahələrdə nailiyyətlər əldə etdiyi bir dövrdə biz hələ də silahlanmaya bu qədər investisiya qoyuruq. Moldovadakı vəziyyətə gəlincə, deyərdim ki, biz çoxlu təxribatlarla üzləşirik, ancaq eyni zamanda əhalini sakitləşdirməyə və fəaliyyətimizi davam etdirməyə çalışırıq. Təbii ki, bu təxribatlar, baş verənlər vətəndaşlarımızın gündəlik həyatına təsir edir, lakin həyat davam edir və biz inanırıq ki, bu müharibə tezliklə bitəcək ən qısa zamanda sülh bərqərar olacaq və biz normal həyatımızı yaşamağa davam edə biləcəyik.

- Regionda son baş verənlərdən sonra Moldovadakı tanınmamış Dnestryanının vəziyyəti gərginləşdirmək ehtimalı varmı? Onlar da Ukraynada baş verənlərdən "həvəslənə" bilərmi?

- Mən bu məsələ ilə bağlı şərh verə bilmirəm, çünki biz tanınmamış Dnestryanıda vəziyyətə nəzarət edə bilmirik, onların özlərinin guya parlamenti və s var. Biz istərdik və arzulayırıq ki, onlar bizim ətrafımızda mövcud olan sülhə zərər verəcək və insanların həyatını ağırlaşdıracaq hər hansı addımı atmasınlar. Çünki hələ də bu regionda yaşayan çox sayda moldovalılar var.

- Moldova Aİ-yə üzvlük prosesində artıq namizəd statusunu alıb. Prosesin sürətlənməsi üçün Moldova tərəfi hansı addımları atacaq?

- Bəli, mən fəxrlə deyə bilərəm ki, biz artıq Aİ-yə üzvlük prosesində namizəd statusu almış ölkəyik. Ölkə əhalisinin çox böyük əksəriyyəti bu istiqamətdə irəliləmək, Aİ-yə üzv olmağı arzulayır. Eyni zamanda bu həm də çətin prosesdir, Moldova hökuməti hələ bir sıra işlər görməlidir, ancaq eyni zamanda biz bu proseslə bağlı fədakarlıq görürük. Hökumət, nazirliklər bunun üzərində gündəlik əsasda işləyir, addımlar atır ki, mümkün qədər tez zamanda Moldova Aİ-nin üzvü olsun.

- Moldova NATO-ya üzvlük məsələsində neytral olub və buna can atmayıb. Regionda təhlükəsizlik vəziyyətinin dəyişməsi Moldovanın NATO ilə bağlı neytrallığına təsir edibmi?

- Biz hazırda hələ də neytrallıq statusunu saxlayırıq. İnanırıq ki, bu hazırkı zamanda bizim ölkəmizin marağına ən uyğun haldır. Lakin zaman keçdikcə biz cəmiyyət və hökumət olaraq bu barədə daha qəti qərar verəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR