Prezident Şavkat Mirziyoyev: Bu gün digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır

Prezident Şavkat Mirziyoyev: Bu gün digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır
# 21 iyun 2022 23:38 (UTC +04:00)

Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik.

APA xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında bildirib.

“Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik. Biz, həmçinin hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etməyi tapşırdıq, - deyə Özbəkistan Prezidenti qeyd edib.

Prezident Şavkat Mirziyoyev deyib ki, digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır: “Biz yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəldik. İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda biz kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindəyik. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşəcək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlayacaq, investisiya layihələrini həyata keçirəcəyik. Kənd təsərrüfatında konkret olaraq hansı sahələrdə işləmək və hansı sahələrin daha tez nəticə verməsi, hansı istiqamətlərdə bir-birimizi tamamlamaq barədə də razılaşdıq. Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma çox inkişaf edib və biz dedik ki, kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənmək bizim üçün çox faydalı olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR