Rusiyalı ekspertlər: Qərb Ermənistan-Rusiya münasibətlərində eynilə Ukrayna ssenarisini tətbiq edir - ŞƏRH

Rusiyalı ekspertlər: Qərb Ermənistan-Rusiya münasibətlərində eynilə Ukrayna ssenarisini tətbiq edir - ŞƏRH
# 28 yanvar 2023 14:24 (UTC +04:00)

“Avropa İttifaqının missiyasını dəvət etmək Ermənistanın beynəlxalq münasibətlərin subyekti kimi suveren hüququdur. Hər bir ölkə öz sərhədini qorumaq üçün müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələrini dəvət edə bilər. Burada əsas məsələ, Ermənistanın bu addımının nəyə gətirib çıxacaracağıdır”.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun (Sankt-Peterburq) direktoru, siyasi ekspert Dmitri Solonnikov bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanı Rusiyadan qoparmaq siyasətinin davamıdır: “Heç kəsə sirr deyil ki, Paşinyan ABŞ-dan maliyyələşən QHT-lərin köməyi ilə hakimiyyətə gəlib. Bunlar Soros fondu və digər təşkilatlardır. Bu maliyyəçilər əvvəlcədən qarşılarına Ermənistanı beynəlxalq münasibətlərin Rusiyayönümlü spektorundan Amerikayönlü spektoruna çevirmək vəzifəsini qoyublar. Bu proses tədricən həyata keçirilir, necə ki, Ukraynada da bunu belə etdilər. Tədricən Ukraynanı Rusiyadan qopardılar. Bir an içində Ermənistanı da Rusiyadan qoparmaq mümkün deyil. Bir neçə müddətdir ki, Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər. Ölkədə daim anti-Rusiya təbliğatı aparılır, anti-Rusiya informasiya kanalları yaradılır. İnsanların şüur altında Rusiyanın düşmən obrazı yaradılır. Bundan sonra isə artıq texnoloji addımlar atılmağa başlayırlar. Avropa İttifaqının missiyasının dəvət olunması məhz texnoloji addımdır. Avropa İttifaqı nə deməkdir? Bu hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır. Hamı yaxşı başa düşməlidir ki, bu, NATO ölkələrinin missiyasıdır. Oradakılar isə NATO-nun mülki geyimdə olan zabitləri olacaq”.

“Hamı yaxşı başa düşməlidir ki, bu, əslində NATO-nun missiyasıdır”

Ekspert vurğulayıb ki, bütün bunlar Ermənistanın KTMT-də üzərinə götürdüyü öhdəliklər çərçivəsində baş verir: “Eyni vaxtda KTMT ilə münasibətləri kəsmək Ermənistana sərf etmir. Çünki ölkədə Rusiya hərbi bazası var, Qarabağdakı erməniləri Rusiya sülhməramlıları qoruyur. Əgər Rusiya sülhməramlısı olmasa, Ermənistan üçün Cənubi Qafqazda gərginləşəcək münaqişə daha çətin olacaq. Bunun Ermənistan üçün gözlənilməz nəticələri olacaq. Həm Qarabağ, həm də Zəngəzur dəhlizi nöqteyi-nəzərindən Ermənistan üçün nəticəsi pis ola bilər.

Lakin buna baxmayaraq, Ermənistan bu yolda irəliləyir. Ermənistanı NATO-nun Cənubi Qafqazda daha bir forpostu etmək cəhdləri reallaşacaq. Qərbin vəzifəsi Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaqdır. Ermənistanda revanşist düşüncəlilər bu gün fikirləşirlər ki, Avropa İttifaqının dəstəyini arxalarına alıb nəsə edə bilərlər”.

Solonnikov bu əhval-ruhiyyənin Ermənistanda daha da güclənəcəyini qeyd edib. “Düşünürəm ki, Avropa İttifaqının vasitəçi kimi aparacağı bütün danışıqlar yeni qanlı prosesi təşkil etməkdir. Avropanın başqa məqsədi yoxdur. Ona görə də, Ermənistanın addımı, ona sahibinin diktə etdiyi addım, Paşinyanı hakimiyyətə gətirənlərin ona verdiyi tapşırıq məhz bundan ibarətdir. Paşinyan bunun üçün o vəzifəyə gətirilib. Təəssüflər olsun ki, Ukrayna nümunəsi heç nə öyrətmir”, - rusiyalı ekspert yekunlaşdırıb.

Sergey Markov: “Aİ missiyası ilə Fransa Rusiyadan Afrikadakı məğlubiyyətinin qisasını alır”

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək missiyasının Fransa və Ermənistanın birgə layihəsi olduğunu diqqətə çatdırıb: “Bu, Azərbaycana və Ermənistana düşmən layihədir. Onlar heç bir neytral müşahidəçi deyillər. Bu müşahidəçilər əvvəlcədən, ötən ilin payızında Parisdə Ermənistan və Fransa liderləri tərəfindən hazırlanmış plan əsasında ora yerləşdirilir. Bu plan Rusiya sülhməramlılarını regiondan çıxarıb, ora Fransanın simasında Avropa İttifaqını yerləşdirmək məqsədi daşıyır. Fransa bu şəkildə Ermənistanın əsas müttəfiqi olaraq Rusiyadan qisas almaq istəyir. Ona görə ki, Rusiya hərbçiləri bir sıra Afrika ölkələrində - Mali, Burkina-Faso və Mərkəzi Afrika Respublikasında təhlükəsizliyin zəmanəti sahəsində fransızları əvəz edib. Demək olar ki, Fransa bu gün itirdiyi Afrika ölkələrini Ermənistanla əvəz etmək istəyir. Ermənistan isə bununla yanaşı, həm də KTMT-nin regiona missiya göndərməsinə maneə olub”.

Sergey Voronin: “Paşinyan artıq “drif” etmir, ölkəsini əminliklə Qərbə tərəf aparır”

Tarix Ekspertizası və dövlət proqnozlaşdırılması mərkəzinin direktoru, siyasi ekspert Sergey Voronin də Qərbin Ermənistan-Rusiya münasibətlərində eynən Ukrayna ssenarisini tətbiq etdiyini açıqlayıb. “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək qərarı yeni deyil. Bununla bağlı ilk qərar ötən il qəbul olunmuşdu. Demək lazımdır ki, Aİ müşahidəçilərinin hekayəsi mənə Ukrayna ilə bağlı Minsk razılaşmalarını xatırladır. 8 il ərzində Rusiyanın başını qatdılar. Minsk razılaşmalarının icra olunmasına hazırlıq pərdəsi altında bu gün Donbasda döyüşən milli batalyonları hazırladırlar. Fikrimcə, Ermənistanın etdikləri bu gün həmin hekayəni xatırladır. Bu, vəziyyəti bulanıqlaşdırmaq və Azərbaycan rəhbərliyini aldatmaq cəhdləridir. Açıq deməliyik ki, Avropa İttifaqının missiyası “arabada beşinci təkər”dir. Orada heç bir müşahidəçi lazım deyil. Rusiya sülhməramlıları var, hansı ki, Qarabağda sabitliyin zəmanətçisidir. Sərhədlərin delimitasiyası, Qarabağın demilitirizasiyası prosesi addım-addım həyata keçirilir. Paşinyan gah bəyan edir ki, o, Qarabağı bütün dünya Azərbaycanın tərkib hissəsi kimi tanıyır, gah da başlayır narazılıq etməyə… Fikrimcə, baş verənlər onu deməyə əsas verir ki, Paşinyan artıq “drif” etmir, ölkəsini əminliklə Qərbə tərəf aparır. Bu, Rusiyadan qopmaq deməkdir. Fikir verin, missiyanın konkret qalma müddətinə riayət olunmur. Bu isə o deməkdir ki, həmin missiya Ermənistanda daha çox qala bilər. Üstəlik, nəzərə alaq ki, mülki missiya pərdəsi altında Ermənistana NATO ölkələrinin hərbi müşavirləri, kəşfiyyatın nümayəndələri göndərilir. Belə olan halda Azərbaycanla Ermənistan sərhədində gərginlik düyünü yaradılır ki, bu da çox təhlükəlidir.

Burada daha bir vacib məqam var. Mənə elə gəlir ki, bu haqda yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra isə Rusiya XİN başçısı Sergey Lavrov danışıb. Avropa İttifaqı bu missiyanı göndərməklə bağlı qərar qəbul edən zaman Azərbaycanın razılığını alıbmı? Bu missiya Ermənistan-Azərbaycan sərhədində dayanacaq. Çox qəribədir ki, məhz Ermənistanın xahişi ilə, tələbi ilə Azərbaycan tərəfinin iştirakı olmadan Ermənistan-Azərbaycan arasında mümkün münaqişə alovunu söndürmək vəzifəsini icra etməlidir. Ona görə də, əminəm ki, Aİ missiyasının göndərilməsi qeyri-məhsuldar addımdır. Bu, Ermənistanla Azərbaycan arasında olan fikir ayrılıqlarını aradan qaldırmağa kömək etməyən təhlükəli addımdır. Əksinə, bu, yeni qığılcım ocağı yarada bilər. Avropa İttifaqına Cənubi Qafqaz regionunda yer yoxdur. Bura ancaq region ölkələri və Rusiya, Türkiyə və İranın maraq zonası olmalıdır”, - rusiyalı ekspert yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR