Səfir: "Azərbaycanın sülhə sadiqliyi regionu Avropa və Asiya ilə birləşdirən məkana çevirir"

Səfir: "Azərbaycanın sülhə sadiqliyi regionu Avropa və Asiya ilə birləşdirən məkana çevirir"
# 17 noyabr 2022 03:43 (UTC +04:00)

Cari ilin 16 noyabr tarixində İsveçrənin paytaxtı Bern şəhərində Zəfər, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş Günlərinə həsr olunmuş rəsmi qəbul və konsert proqramı təşkil edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyindən məlumat verilib.

Səfir Fuad İsgəndərov tədbirin rəsmi açılış hissəsində qonqları salamlayıb, Azərbaycan Respublikasının bu bayram günlərinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib, Zəfərdən sonrakı dövrdə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə söhbət açmış, sülh danışıqlarının gedişatına diqqət yetirmişdir.

Səfir bu danışıqların tarixdə ilk dəfə olaraq tərəflər arasında birbaşa, hər hansı bir kənar xarici vasitəçilərin iştirakı olmadan 2 oktyabr tarixində Cenevrədə təşkil edildiyi üçün İsveçrə hökumətinə dərin təşəkkürünü bildirib, sülh prosesinə süni çətinliklər yaratmağa çalışan bəzi qüvvələrin cəhdlərini pisləyib.

Qonaqlara bildirilmişdir ki, Azərbaycanın sülh və yenidənqurma proseslərinə sadiq qalması Cənubi Qafqazın sabit və təhlükəsiz inkişafına təkan verməklə regionu Avropa və Asiya ilə möhkəm tellərlə birləşdirən məkana çevirir.

Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam edib.

Proqramın əvvəlində İsveçrədə qaçqın kimi müvəqqəti məskunlaşmış Azərbaycan əsilli Ukrayna vətəndaşları Səfərova Elnurə və Əminə bacıları, digər yeniyetmələrdən ibarət rəqs qrupu Azərbaycanın milli rəqs nümunələrini ifa ediblər.

Proqram Sürix Ali İncəsənət Məktəbinin magistr pilləsində təhsil alan Azərbaycanlı skripkaçı Cəmilə Qarayusiflinin başçılıq etdiyi və İsveçrəli musiqiçilərdən ibarət “Trio Areal” üçlüyünün çıxışı ilə davam edib, dünya şöhrətli azərbaycanlı və xarici bəstəkarlarının klassik əsərləri ifa olunub.

Tədbirdə başda Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollinger, Xarici İşlər Federal Departamentinin Dövlət Katibinin müavini Anna İfkoviç olmaqla İsveçrənin yüksəl səviyyəli rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diaspora nümayəndələri, İsveçrənin ictimaiyyəti və mətbuat nümayəndələri iştirak ediblər.

Çıxışlar, konsert proqramı, həmçinin verilən rəsmi qəbul yüzlərlə iştirakçı və tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb və İsveçrə cəmiyyətində böyük əks səda doğurub.

Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR