XİN: Paşinyanın Azərbaycanı təqsirləndirməsi, Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır

XİN: Paşinyanın Azərbaycanı təqsirləndirməsi, Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır
# 15 mart 2023 15:10 (UTC +04:00)

“İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 14 mart 2023-cü il tarixində Ermənistanın baş naziri N. Paşinyan tərəfindən mətbuat konfransı zamanı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.

“Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəalara hər vəchlə qarşı çıxması, gələcək pozuntulara saziş mətni hazırlanan müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə “beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir.

Bununla yanaşı, sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir.

Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur və hesab edirik ki, Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır”, - Ayxan Hacızadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR