YAP və Şimali Makedoniya Türk Demokratik Partiyası memorandum imzalayıb - FOTO

YAP və Şimali Makedoniya Türk Demokratik Partiyası memorandum imzalayı

© APA | YAP və Şimali Makedoniya Türk Demokratik Partiyası memorandum imzalayı

# 10 may 2022 17:02 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) və Şimali Makedoniya Türk Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

APA xəbər verir ki, memorandumu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas imzalayıb.

İmzalanma mərasimindən sonra çıxış edən Tahir Budaqov deyib ki, partiyanın fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əlaqələrin qurulmasıdır: “Bu gün bu Əməkdaşlıq Memorandumun imzalanması Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf edir. Biz bu gün Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdik. Sonra DOST Mərkəzində YAP sıralarına yeni üzvlərin qəbul edilməsi mərasimində iştirak etdik. İki partiya arasında münasibətlər daha sıx olacaq, Şimali Makedoniyada yaşayan türk qardaşlarımızla əlaqələrimiz genişlənəcək, bu münasibətlər ortaq maraqlarımıza xidmət edəcək”.

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas bildirib ki, Türk dünyasının ən qərbində yer alan Şimali Makedoniyadakı türklərin Azərbaycana salamını gətirib: “Azərbaycan bizim üçün qardaş bir ölkədir. Azərbaycanı həm Balkanlarda, həm də Avropada təmsil etmək üçün YAP-la əməkdaşlıq etmək təklifimizin müsbət qarşılandı. Bu gün səfərimiz Türk dünyasının böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf edib”.

Beycan İlyas İkinci Qarabağ müharibəsinin Azərbaycanın gücünü dünyaya göstərdiyini vurğulayıb: “Şəhidlərin ruhları şad olsun, qazilərə şəfalar diləyirik. Qardaş Azərbaycana da dünyadakı bu şahlanışını davam etdirməyi arzulayırıq. Bir NATO, Avropa ölkəsi olaraq Azərbaycanı dəstəkləməyə çalışacağıq. Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirik ki, bu Əməkdaşlıq Memorandumunu imzalamağı dəstəkləyib”.

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri diqqətə çatdırıb ki, Azərbaycanla ölkəsi arasında 2020-ci ildə ticarət dövriyyəsi 450 min dollar olub: “Bu, çox aşağı bir göstəricidir, ticarət dövriyyəsinin artırılması istiqamətində çalışacağıq”.

Beycan İlyas onu da qeyd edib ki, Azərbaycan və Şimali Makedoniya türkləri qardaşdırlar: “Biz ən xoş və ən çətin günlərdə dostlarımızı yanımızda görmək istəyirik. YAP rəsmilərini də Şimali Makedoniyaya dəvət edəcəyik. Əgər İkinci Qarabağ müharibəsi dövründə Şimali Makedoniya parlamentinə Ermənistanın lehinə bir qərar layihəsi gəlsəydi, biz buna qarşı çıxardıq”.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşılıqlı səfərlərin təşkil olunacağını, etimad mühitinin formalaşdırılacağını nəzərə çatdırıb: “Bu yaxınlarda YAP Gənclər Birliyinin 5 üzvü Türkiyədə səfərdə olacaq, Gənclər Festivalında iştirak edəcək. Şimali Makedoniya Türk Demokratik Partiyasının gəncləri də iştirak edəcək. Bu da iki partiyanın gəncləri arasında əlaqələrin qurulması üçün gözəl bir platformadır. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə Şimali Makedoniyanın müvafiq nazirliyi arasında da niyyət protokolunun imzalanması nəzərdə tutulur”.

Tahir Budaqov əlavə edib ki, sabah Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş olacaq, parlamentlərarası əlaqələrin qurulması istiqamətində addımlar atılacaq: “Şimali Makedoniyanın Avropa İttifaqına da üzv olacağı gözlənilir. Şimali Makedoniya ilə əlaqələrin inkişafı YAP-ın Avropada əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək. Biz gələcəkdə Orta Asiya ölkələrinin partiyaları ilə əlaqələrin qurulması üçün birgə addımlar atacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR