Nurəddin Aras: “Bələdiyyə seçkilərində mən yox, İğdır azərbaycanlıları məğlub olub” - EKSKLÜZİV

Nurəddin Aras: “Bələdiyyə seçkilərində mən yox, İğdır azərbaycanlıları məğlub olub” - <font color=red>EKSKLÜZİV</font>
# 27 aprel 2009 10:36 (UTC +04:00)
İğdır. Vüqar Məsimoğlu-APA. İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Arasın APA-ya müsahibəsi

- Azərbaycanda hamını düşündürən bir sual var - İğdırda seçkilərdə nə baş verib?

- İğdırda 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində dörd azərbaycanlı və bir kürd namizəd vardı. Gördüyünüz kimi, 1999-cu il seçkilərində azərbaycanlı namizədlər birlikdə 10 minə yaxın səs toplayıblar, aşirət namizədi isə cəmi 6 min səs qazanıb. Müqayisə etsək görərik ki, ötən 10 il ərzində İğdırda azərbaycanlı elektoratın sayı 26 minə çatıb, aşirət səslərinin sayı isə 13 mində qalıb. Lakin təəssüflər olsun ki, 26 min səslə İğdırda azərbaycanlı bələdiyyə başqanı seçə bilməmişik. Buna görə qəbahəti azərbaycanlılar özlərində axtarmalıdır. 10 il ərzində Nurəddin Aras bir at arabası şəhəri olan İğdırı ən müasir, təmiz, gözəl bir şəhərə çevirib. 10-15 il əvvəl İqdırı görənlər bu şəhərdə nə qədər dəyişikliklər baş verdiyini söyləyə bilərlər. Təbii ki, biz bu işləri görən zaman buradakı əhalimizin başqa şəhərlərə köç etməməsi, burada qalması, əvvəllər köç etmiş insanlarımızın yenidən İğdıra dönməsi üçün də siyasət yürütmüşük. Amma Nurəddin Aras bu 10 ildə başqa işlər də görməyə çalışıb və bununla da bəzi qrupların hədəfinə çevrilib. Mən Azərbaycana, Naxçıvana olduqca yaxın durmuşam, İğdırda bəzi ənənələri aradan qaldırmışam. Heydər Əliyev parkını açan zaman biz çox şiddətli təzyiqlərə məruz qaldıq. Amma bu təzyiqlərə sinə gərib, onları yumşaldıb, İğdırda Azərbaycan hakimiyyətini sevən bir kütlə formalaşdırmışıq. Heydər Əliyev İğdırda çox sevilən bir insan idi, İlham Əliyev isə daha çox sevilməyə başladı. Təbii ki, bu prosesdə Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin də böyük payı olduğunu söyləmək lazımdır. Amma dediyim kimi, Nurəddin Arasın bu fəaliyyətləri onu bəlli qrupların da hədəfinə çevirmişdi. Mən Xocalı soyqırımı ilə bağlı Haaqa və Berlində Avropanın diqqətini çəkəcək konfranslar, seminarlar təşkil etmişəm və bu fəaliyyətimiz Avropa mətbuatının diqqət mərkəzində olub. Təbii ki, Nurəddin Arasın qarşısını almaq lazım idi.

- İğdırda seçkilərin nəticələrində xarici qüvvələrin müdaxiləsinin əsas rol oynadığına dair bir düşüncə var...

- İğdırda bələdiyyə seçkilərinə Sorosun adamları müdaxilə ediblər. Onlar bəzi insanları pulla, vədlərlə öz tərəflərinə çəkib, İstanbuldan, Ankaradan, Avropadan azərbaycanlı əsilli vətəndaşlarımızı seçkilər ərəfəsində İğdıra göndərib, burada yaşayan qohumlarına təsir göstərərək bizim əleyhimizə fəaliyyət göstəriblər. Sanki Nurəddin Aras bir yəhudidir, bir ermənidir, bir kafirdir, nifrət edilən bir adammış kimi üstümə hücuma keçərək səslərimizi parçalayıblar. Bununla da İğdırda öz əlimizlə bələdiyyə başqanlığını götürüb DTP-yə vermişik. Onların bütün cəhdlərinə, apardıqları çirkin kampaniyaya rəğmən xalqın içərisində olan Nurəddin Aras yenə də onlardan çox səs toplayıb. Həmin qrupların ədəbsiz, terrorçuya bənzər davranışları xalqın nifrətinə səbəb olub və 6 minə yaxın vətəndaşımız da səsverməyə getməkdən imtina edib. Əgər həmin soydaşlarımız səsverməyə getsəydi, biz istənilən halda seçkilərdə qalib gələrdik. Soros Fondunun öz yanına çəkdiyi bu insanların gördüyü işin məqsədi də İğdırda bir xaos yaratmaq idi. Onlar səsvermə günü məntəqələrə gedən insanları geri qaytarıb, müşahidəçilərimizi məntəqədən çıxarıb, evdə olan seçicilərə məntəqələrə getməməsi üçün təzyiq ediblər. Məntəqələrdə insanların əlindən möhürü zorla alaraq öz namizədlərinin lehinə səs verirdilər. Səslər sayılan zaman Nurəddin Arasın lehinə çıxan səsləri öz namizədlərinə hesabladılar. Lakin bütün bunlara rəğmən seçkilərdə yalnız üçüncü yeri tuta bildilər. Təbii ki, iğdırlı seçkilər bitdikdən sonra “ehvay, nə etdik” deyə peşman olub, amma sonrakı peşmançılıq fayda verməz. Biz İğdırda Sorosun əli ilə bələdiyyə başqanlığını DTP-yə verdik. Azərbaycanlılar öz əlləri ilə öz gözlərini vurub çıxarıblar. Yəni böyük səs potensialına rəğmən burada önəmli bir mövqe azərbaycanlıların əlindən çıxıb. İğdırda mən yox, İğdır azərbaycanlıları məğlub olub.

- Azərbaycanlıların səsini parçalamaq planının Soros Fondu tərəfindən planlaşdırıldığını iddia edirsiniz. Bunu həmin prosesdə iştirak edən soydaşlarımız da etiraf edirmi?

- Sorosun əli ilə bura göndərilən, İğdırda azərbaycanlıların səsini parçalayan, Türkiyənin müxtəlif yerlərindən gələn həmin insanlar isə artıq geri qayıdıblar. İğdırda bircə Nurəddin Aras qalıb. Çox sistemli iş gördülər, məsələn azərbaycanlıları parçalamağa çalışan qüvvələrdən İstanbulda yaşayan Səlahəddin Özgündüz adlı molla bura dörd molla göndərmişdi. Onlar evlərə gedərək “MHP namizədi Əkbər Yeşilə səs verəcəksən” deyə insanlarımıza Qurana əl basdırıblar. Səslərimizin parçalanmasında bu mollaların da payı çox olub. Amma onlar hamısı geri döndülər, xalqın içərisindən çıxmış, xeyirdə-şərdə xalqı ilə birlikdə olan Nurəddin Aras isə İğdırdadır. Biz burada xalqımızla birlikdə gələcəyimizi necə quracağımıza qərar verəcəyik. İki istəyimiz var. Birincisi, İğdırda yaşayanlara kənardan müdaxilə edilməsin. İğdır özü özünü idarə edə biləcək qabiliyyətə, idarəçilərə sahibdir. İkincisi, Azərbaycanın, Naxçıvanın dəstəyinə indi daha çox ehtiyacımız var.

İğdırda azərbaycanlı olaraq sayımız çoxdur. Xalqımızı birlik içərisində saxlayacaq, yerli imkanlarımızdan istifadə edərək burada iş yerləri açacaq, onları birlik içərisində İğdırda saxlayacağıq. İğdırda torpaqların 85 faizi azərbaycanlılara məxsusdur, bu, çox önəmli faktordur. Dövlətimizin qanunları İğdırda da işləyir, burada heç bir illeqal fəaliyyətə icazə verilməməlidir. Əgər qanunsuz bir fəaliyyət olarsa, dövlətə müraciət edərək burada qadağan olunan fəaliyyətlərin qarşısını alacağıq. Seçkilərdən bir ay keçməyib, amma xalqın nə qədər peşman olduğunu görmək mümkündür. Azərbaycanlıların bir qismi aldadıldıqlarını, vədlər, pul, bu kimi şeylərlə yoldan çıxarıldıqlarını etiraf edirlər. Amma iş işdən keçib, inşallah bundan sonra ağlımızı başımıza toplayıb, bir daha bu cür yanlış addımlar atmarıq. Soros deyil, kim gəlir-gəlsin, İğdırımızı canımız, qanımız bahasına müdafiə etməkdə davam edəcəyik.

- İğdırda azərbaycanlıların əsas namizədləri siz və MHP-dən Əkbər Yeşil idi. MHP-nin İğdır siyasətini necə dəyərləndirirsiniz?

- 1999-cu il bələdiyyə seçkilərində mən MHP-dən namizəd oldum və həmin il MHP hakimiyyətdə koalisiya ortağı oldu. Türkiyədə bələdiyyə seçkilərində önəmli bir məsələ var – iqtidarda olmaq üstünlüyündə yararlanmaq. Biz 3 il yarım MHP iqtidarında bu üstünlükdən istifadə etmiş sayılırıq. Sərmayə qoyuluşu baxımından İğdira bir şey gətirə bilməsək də, idarəçilik baxımından təbii ki, üstünlüklərimiz olub. 2004-cü il bələdiyyə seçkilərində AKP iqtidarından təklif almağıma rəğmən təşkilati quruluşu məni razı salmadığı üçün təklifi qəbul eləmədim və yenə MHP-dən namizəd oldum. Ancaq könlüm yenə iqtidar namizədi olmaq idi. Çünki İğdırın bir çox ehtiyacı vardı. Bu ehtiyaclar yalnız iqtidarın dəstəyi ilə ödənə bilərdi. Çünki büdcəni hazırlayan, vəsaitləri vilayətlərə bölən iqtidardır. İğdırın hava limanına ehtiyacı var, içməli suya, dəmiryoluna, mavi yanacağa ehtiyacı var. İğdırın Ağrıdağı var, amma turist cəlb eləmək baxımından bir iş görülməyib, heç bir faydasını görməmişik. Amma AKP iqtidarı bu məsələləri proqrama daxil elədi. Bu istəklərimiz bələdiyyə seçkiləri hakim partiya tərəfindən qazanılacağı təqdirdə yerinə yetiriləcəkdi. Bunu xalqımıza başa saldıq, ilk vaxtlar çoxlu oy potensialımız vardı.

Dövlət Baxçalı İğdırda mitinq keçirəcəkdi, amma gəlmədi. Səbəbi isə isə İstanbulda yaşayan, Sorosla əlaqəsi olan bir iş adamının İğdıra gələrək xalqa “otur-qalx” əmri verməsi oldu. Dövlət Baxçalı bu səbəbdən İğdır mitinqini ləğv edərək bura gəlmədi. İğdırın arxasında dayanmayan MHP rəhbərliyi öz münasibətini ortaya qoydu, amma Sorosa bağlı insanlar MHP namizədini dəstəkləyərək səsləri parçalamaqda davam etdilər. Halbuki seçkilərdə qalib gələ bilməyəcəklərini 100 faiz bilirdilər. Səsvermə günü adam ölməsin deyə, qan tökülməsin deyə, qardaş qardaşı vurmasın deyə saat 1-dən sonra məntəqələrə getmədik. Səsləri istədikləri kimi saydılar, mənim səslərimi də özlərinə yazdılar. Mən bu seçkilərdə ən azı 12 min səs qazanmışam. Seçkilərdə İğdırda sandıq başında duran MHP üzvləri indi “biz nə etdik, bu şəhəri kimə verdik, gərək AKP səslərini öz hesabımıza yazmazdıq” deyə etiraf edirlər. MHP-nin İğdırda qazandığı səslərin sayı rəsmi rəqəmdən çox-çox az, bizim səslər isə indiki rəqəmdən çoxdur. DTP də mənə qarşı eyni hərəkəti elədi. Həm öz bölgələrində bizə çıxan səsləri öz hesablarına yazmaqla, həm də MHP-nin köməyi ilə bu seçkilərdə qalib gəldilər. İndi DTP-dən olan bələdiyyə başqanı mənə deyil, MHP-yə, onun namizədi Əkbər Yeşilə, İstanbuldan gəlib MHP namizədini dəstəkləyərək azərbaycanlıların səsini parçalayanlara çoxlu təşəkkürlər edir. Nə qədər israr etsəm də, səslərin yenidən sayılmasına müvəffəq ola bilmədim. Səslər yenidən sayılsaydı, mənim ən azı 12000 səsim olacaqdı.

- İğdırda oynanan bu siyasi oyunların Ermənistanla sərhədlərin açılması arasında hər hansı əlaqə ola bilərmi?

- Təbii ki, İğdırda azərbaycanlıların səsini parçalayaraq DTP namizədini bələdiyyə başqanı seçdirmək Soros Fondunun gələcəklə bağlı yazdığı ssenarinin, planın bir hissəsidir. Biz Ermənistanla sərhədlərin açılmasına qarşı şiddətlə etiraz edirdik. Əvvəllər hətta Ermənistan Dağlıq Qarabağdan çəkilsə, soyqırımı iddialarından vaz keçsə belə, sərhədlərin açılmasına qarşı çıxırdıq. Amma son zamanlar Azərbaycanla Ermənistan arasında münaqişəsi sülh yolu ilə həll olunsa və digər şərtlər yerinə yetirilsə, sərhədlərin açılmasına razı olacağımızı söylədik. Amma təbii ki, bizim əsl mövqeyimiz Soros Fonduna da məlum idi. Buna görə də Soros İğdıra qoyacağı sərmayənin taleyini düşünərək Ermənistanla sərhədlərin açılmasına “bəli” deyəcək DTP iqtidarının hakimiyyətə gətirilməsində maraqlıdır. Hələ seçkilərdən əvvəl əldə etdiyimiz məlumatlar göstərirdi ki, İstanbuldan bura göndərilən insanlar Soros Fondu ilə sıx əlaqədədirlər. İstanbuldan gələnlər xalqımıza hətta “otur-qalx” əmri belə veriblər. Sorosun təlimatı ilə xalqa “otur” deyən insan İğdır xalqını bir daha yerindən qaldırmamışdır. İndi DTP iqtidara gəlib, İğdır xalqını süründürəcək. Bəlkə də yaxın gələcəkdə Qarsın keçmiş bələdiyyə başqanının etdiyi kimi burada da sərhədlərin açılması ilə bağlı aksiyaların şahidi olacağıq. Onlar xalqın kasıb vəziyyətdə yaşadığını əsas gətirərək sərhədlərin açılmasını zəruri olduğunu təbliğ etməyə çalışırlar. Halbuki, İğdırda heç kəs acından ölmür, hər şey pulla, mənfəətlə ölçülmür, bundan daha önəmli şeylər var. Bir milyon azərbaycanlı soydaşımız yurdundan didərgin düşəcək, biz də burada pul-para düşünəcəyik? Bunu qəbul eləmək mümkün deyil, amma DTP bələdiyyə başqanının istənilən halda sərhədlərin açılmasına okey deyəcəyini düşünürəm. Soros Fondunun gələcəkdə bununla bağlı bir sıra addımlar atacağını təxmin edirəm. Ona görə də Ermənistanla sərhəddə yerləşən kəndlərimizi gəzərək, orada torpağı olan insanlarla söhbət etmişəm. Torpaqlarını satmamağı, xüsusilə də xaricilərə satmamağı üçün tövsiyələr vermişəm. Hər torpaq sahibinin dilindən söz almışam. Allahın köməyi ilə Soros Fondu burada istəyinə nail olmayacaq.

- İğdırda DTP namizədinin bələdiyyə başqanı seçilməsi PKK-nın bölgədə daha da aktivləşəcəyi təhlükəsi yaradırmı?

- İğdırda yaşayan kürd vətəndaşlarımız seçkilərdə əsasən DTP-yə səs verirlər. DTP PKK terror təşkilatının Türkiyədə leqal fəaliyyət göstərən siyasi qoludur. Təbii ki, onların nəyə xidmət etdiyini hər kəs bilir. Biz də bilirik, dövləti idarə edənlər də bilir. Baş nazir Ərdoğan “DTP PKK-nı terror təşkilatı elan etməyincə onların əllərini sıxmam” deyir. İğdırda DTP-ya simpatiya bəsləyən bir kütlə var, 7-dən 70-ə onların hamısı belədir. Fürsət düşən kimi öz niyyətlərinə çatmaq üçün hər yola əl atacaqlar. Amma bu məsələdə biz həm dövlət olaraq, həm də burada yaşayan azərbaycanlılar olaraq işimizi ehtiyatlı tutmalıyıq. İğdıra kürdlərin gətirilib yerləşdirilməsinə gəldikdə, dövlətin xəzinə torpaqlarına əhali yerləşdirmək qanunla mümkün deyil. Belə addım atılacağı təqdirdə şikayət edəriksə, bələdiyyə başqanı da, bu işi görənlər də sorğu-sualsız həbsxanaya salınar. Biz bu prosesə nəzarət edəcəyik. İğdırın hər kəsin gəlib özbaşına yerləşə biləcəyi şəhərə çevrilməsinə mane olacağıq.

- DTP bələdiyyə başqanının əvvəllər terrorçu fəaliyyətə görə məhkum olunduğu bildirilir...

- Türkiyə qanunlarına görə, bir ildən artıq həbsxanada yatan və məhkumluğu olan bir insanın bələdiyyə başqanlığına namizəd olması mümkün deyil. Əgər belə bir hal aşkarlanarsa, həmin şəxsin məhkumluğu isbat olunarsa, onun bələdiyyə başqanı seçilməsi barədə qərar ləğv edilir və bələdiyyə başqanlığı seçkilərdə ikinci ən çox səs toplamış şəxsə verilir. Mən bütün lazımi sənədləri toplayaraq Mehmet Nuri Günəşlə bağlı Ali Seçki Qurumuna şikayət ərizəsi vermişəm. DTP-dən bələdiyyə başqanı seçilmiş bu şəxs təxminən 25 cinayət faktına görə mühakimə olunub. Yəqin ki, 1996-cı ildə HADEP ikinci qurultayında türk bayrağının endirərək yerinə PKK bayrağı və terrorçu Abdullah Öcalanın şəklinin asıldığını xatırlayırsınız. Türk bayrağını endirən və yerinə PKK bayrağı taxan şəxs həmin bu İğdırın yeni bələdiyyə başqanı seçilmiş Mehmet Nuri Günəşdir. Onun bu cinayəti təsbit edilib və törətdiyi ağır cinayətə görə 4 il 6 ay həbs cəzası alıb. Onun həbsə məhkum olması ilə bağlı qərar Ali Məhkəməyə təqdim olunub, lakin o zaman Ecevit hökuməti “Rahşan əfvi” deyilən bir ümumi əfv qərarı çıxardı. Mehmet Nuri Günəşin məhkum olması barədə qərar Ali Məhkəmədə ikən “Rahşan əfvi” ona şamil olunsun deyə cinayət işini yenidən aşağı instansiya məhkəməyə qaytarıblar. Bundan başqa Mehmet Nuri Günəşin terror fəaliyyəti ilə bağlı daha 4 cinayəti də “Rahşan əhvi”nə uyğun olaraq ləğv edilib. Halbuki çıxarılan əfv qərarı terror cinayətlərinə şamil edilmirdi. Buna görə də çox böyük bir səhvə yol verilib və həmin şəxsin “Rahşan əfvi”ndən istifadəsinə imkan yaradılıb. Bizim də şikayətimiz məhz bununla bağlıdır. Ali Seçki Qurumu lazımı sənədləri məhkəmələrdən toplayacaq və bu məsələ ilə bağlı qərar verəcək. Əgər məhkumluğu təsdiq edilərsə, qeyd-şərtsiz bələdiyyə başqanı seçilməsi barədə qərar ləğv olunacaq və bələdiyyə başqanı ikinci sırada olan şəxsə, yəni mənə veriləcək.

- Necə olub ki, Mehmet Nuri Günəş namizədliyini irəli sürərkən onun tərcümeyi-halında məhkumluğu barədə qeyd əksini tapmayıb?

- Namizədliyini irəli sürən zaman ədliyyə yoxlaması aparılır, lakin bu zaman onun məhkumluq qeydi təmiz çıxıb. Səbəbi isə budur – Mehmet Nuri Günəş sonradan anadan olduğu ili dəyişdirib. 1950-ci ildə anadan olsa da, seçkilərdən əvvəl doğum tarixini dəyişdirərək 1952-ci il yazdırıb. Buna görə də ədliyyə yoxlamasında 1952-ci ildə doğulmuş Mehmet Nuri Günəşin adı yoxlanan zaman heç bir məhkumluğu aşkarlanmayıb. Amma 1950-ci il tarixi ilə yoxlayanda bütün bu məhkumluqlar üzə çıxıb. Bu fakt sonradan ortaya çıxdı, əvvəl bilmirdik. Onun iki dənə ədliyyə yoxlama sənədi var. Yaşını dəyişdirdiyinə görə ədliyyə yoxlama vərəqəsində məhkumluğu barədə qeyd yoxdur, tərcümeyi-halı təmiz olduğuna görə bələdiyyə başqanı seçilməsi barədə qərar verilib. Amma bu qərarın verilməsi həmin qərarın ləğv oluna bilməyəcəyi anlamına gəlməz. Çünki məhkumluğu olan şəxslərin bələdiyyə başqanı seçilmə hüququ yoxdur.

- İğdır bələdiyyə başqanı olduğunuz dövrdə ictimai fəaliyyətlər, xüsusilə Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük işlər görübsünüz. Bu fəaliyyətlər davam edəcəkmi?

- 10 il bələdiyyə başqanı olmaqla yanaşı həm İrəvan Türkləri Yardımlaşma Dərnəyinin, həm də Əhli-Beyt Yardım Dərnəyinin rəhbəriyəm. Əhli-Beyt Yardım Dərnəyi burada yüzlərlə tələbə oxudan bir dərnəkdir. İrəvan Türkləri Yardımlaşma Dərnəyi isə atası, babası İrəvanda doğulmuş insanlardan formalaşdırılmış bir qeyri-hökumət təşkilatıdır. İğdırda yaşayan insanların bir çoxunun İrəvanda mülkiyyət sənədi olan torpaqları mövcuddur. O torpaqların əsl sahibinə qaytarılması üçün vəkillərdən Avropa qanunları, normaları, standartları ilə bağlı məlumatlar toplayırıq. Uzun zamandan bəri hazırlıq işləri görürük, hüquqi proseduralara başlayacağımız təqdirdə nə qazanacağımızı, nə itirəcəyimizi araşdırırıq. İşlər tamamlandıqdan sonra nə edəcəyimizlə bağlı qərar verəcəyik. Bundan başqa istər Azərbaycanın önəmli günləri olsun, istər dünyada və bölgəmizdə önəmli hadisələr olsun, bu istiqamətdə fəaliyyətlər mütləq davam etdiriləcək. Gələn il Xocalı soyqırımı ilə bağlı Avropanın daha bir şəhərində geniş miqyaslı bir konfrans keçirməyi planlaşdırırıq. İnşallah, bu arzumuzu gerçəkləşdirəcəyik.

- Parlament seçkilərində namizəd olmağı düşünürsümüzmü?

- Zaman ən yaxşı dərmandır, səbir edəcəyik. Lakin hazırda mənim bələdiyyə başqanlığı və millət vəkilliyi ilə bağlı hər hansı düşüncəm yoxdur. Mənim istəyim xalqımızın bərabərliyidir, günün şərtləri necə olacaqsa, ona uyğun hərəkət edəcəyik. Əgər xalq bir başqasının namizəd olmasını istərsə, onu da dəstəkləməyə hazırıq. Və yaxud xalq Nurəddin Aras deyərsə, o istəyə də yox demərik.

Biz azərbaycanlılar olaraq İğdırda çox dəhşətli xətaya yol verdik, tam ortadan iki yerə bölündük. İndi də xalqla birlikdə başımıza, dizimizə döyürük. Nəyi itirdiyimizi indi anlamaqdayıq. “Nurəddin Arası devirək də, sonrası nə olursa-olsun” deyənlər də artıq peşmanlıq çəkirlər. Qəti şəkildə millət vəkili olacağam, bələdiyyə başqanı olacağım deyə iddiam yoxdur. Amma bir məsələ var. Mən mövcud bələdiyyə başqanı və iqtidar partiyasından namizəd idim. İğdırın əlinə tarixi, qızıl bir fürsət keçmişdi. Çünki bölgəmizin çox şeyə ehtiyacı vardı. Türkiyədə xalqın ehtiyaclarını ödəyən hökumətlərdir. Hökumətin bizə verdiyi vədlər vardı. Yerinə yetiriləcək vədlər idi, bəzi istəklərimizi büdcə proqramına da daxil elədilər. Xalqa da bunları söylədik. Açıq deyim, ilk başqa bizim son dərəcə böyük səs potensialımız vardı, seçkilərdə uduzmağımız mümkün deyildi. Biz həm DTP, həm də MHP namizədindən qat-qat çox səs toplaya biləcəyimiz halda bəzi xarici müdaxilələr nəticəsində seçkilərdə qalib gəlməyimizi əngəllədilər. Burada ən böyük müdaxilə təbii ki, Soros Fondundan oldu. Ancaq hər şeyə rəğmən qan töksəydik, bu seçkilərdə qalib gələ bilərdik. Amma qardaş qardaşı vuracaqdı, öldürəcəkdi. Biz buna getmədik, bu baxımdan da İğdıra bir xidmət göstərdiyimizi düşünürəm. Qan tökülməsini istəmədik, bu işi sakitliklə görək dedik. Amma təəssüflər olsun ki, 26 min səsi olan azərbaycanlılar burada özünə bir bələdiyyə başqanı seçə bilmədi, 13 minə səsi olan aşirət namizədinə məğlub olmuşuq. Bundan ibrət almaq lazımdır. Allah gələcəkdə İğdırı şərbazların şərindən qorusun!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR