Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi suverenlik və ərazi bütövlüyü prinsiplərini Aİ və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əlaqələrin əsas elementi kimi vurğulayıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter"də yazıb.
"Avropa İttifaqı (Aİ) Şurası Helsinki Yekun Aktında təsbit edilmiş suverenlik və ərazi bütövlüyü prinsipləri də daxil olmaqla beynəlxalq hüquqa dair ortaq öhdəlikləri ifadə edən Nəticələri təsdiqlədikdən qısa müddət sonra, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu prinsiplərin Aİ və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əlaqələrin əsas elementləri olduğunu vurğuladı!", - deyə XİN sözçüsü qeyd edib.