Deputat Ukrayna Ali Radasının Xocalı soyqırımını tanımasını istəyib

Deputat Ukrayna Ali Radasının Xocalı soyqırımını tanımasını istəyib
  • Clock-gray 12:57
  • calendar-gray 25 Fevral 2021

Fevralın 24-də Ukraynada onlayn formatda təşkil olunmuş “Hərbi cinayətlər və yerli ölçüdə soyqırımı cinayətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransa Azərbaycan təmsilçiləri də qatılıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə Ukraynanın “Putivl” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sergey Tupik moderatorluq edib.

Konfransda çıxış edən Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Rüfət Quliyev 29-cu ildönümü tamam olan Xocalı soyqırımını indiyədək tanımış ölkələr və ABŞ ştatları barədə də məlumat verib.

Dostluq qrupunun rəhbəri konfransın iştirakçılarına və təşkilatçılarına müraciət edərək Ukrayna Ali Radasının Xocalı soyqırımını tanıması üçün Azərbaycanı dəstəkləmələrini istəyib. O, dost Ukrayna xalqının Azərbaycanın haqq işini müdafiə edəcəyinə ümidvar olduğunu bildirib.

Elmi-praktik konfransda “Novaya Slobodanın faciəsi”, “Əsrlər boyu Baturin soyqırımı”,  “Koryukovka faciəsi...”, “Holokost haqqında Koryukov yaddaşı”, “Novaya Sloboda: qoryunların yaşadığı kənd”, “XX əsrdə qoryun mədəni irsinin qorunması problemi” və digər mövzularda Ukrayna ziyalılarının, tanınmış alimlərin, din xadimlərinin məruzələri dinlənilib. 1941-1945-ci illərdə alman faşistlərinin Ukraynada, Belarusda, Çexiyada, Fransada və digər ölkələrdə törətdikləri hərbi cinayətlərdən, soyqırımlarından bəhs olunub. Mövzuya dair foto və videomateriallar nümayiş etdirilib.

Konfransda VI və VII çağırış Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun katibi Oleq Medunitsanın “Millətlərarası düşmənçilik zəminində soyqırımı” mövzusunda məruzəsi dinlənilib.

Beynəlxalq konfransda çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Sonra elmi-praktik konfransın iştirakçıları konsul Əfqan Salmanovun təqdim etdiyi “XOCALI: 1992-ci ilin qanlı fevralında soyqırımı aktı” sənədli filminə tamaşa ediblər. Film başa çatan kimi beynəlxalq konfransda iştirak edən elm və siyasi xadimlər, Sum vilayəti administrasiyasının nümayəndələri, Novaya Sloboda və Koryukovka sakinləri, Putivl, Baturin və Çerniqov şəhərlərindəki dövlət qoruqları ilə tarix muzeylərinin əməkdaşları, Ukrayna Milli Yaddaş İnstitutunun nümayəndələri 29-cu ildönümü tamam olan Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Beynəlxalq elmi-praktik konfransın yekununda qətnamə qəbul olunub.

Firuzə Vahid

Digər xəbərlər