Dövlət başçısı: “Azərbaycanda xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir”

Dövlət başçısı: “Azərbaycanda xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir”
  • Clock-gray 16:15
  • calendar-gray 04 May 2020

“Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə bildirib. 

Dövlət başçısı qeyd edib ki, ölkədə xüsusi karantin rejimi mayın 31-dək uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-ündən etibarən yumşaldılır: “Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial, iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən artıq işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan 600 min vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcək. Bütün bunlar atılan addımların yalnız bir hissəsidir”.

Prezident İlham Əliyev dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlar tərəfindən çox yüksək qiymət verildiyini vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər