Hikmət Hacıyev: “Pandemiya başlayanda beynəlxalq böhrana beynəlxalq yanaşma görmədik”

Hikmət Hacıyev: “Pandemiya başlayanda beynəlxalq böhrana beynəlxalq yanaşma görmədik”
# 15 fevral 2021 18:21 (UTC +04:00)

“Biz bundan əvvəl belə miqyasda pandemiya ilə üzləşməmişdik”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan regional səviyyədə öz səylərini göstərib: “Daha geniş çərçivədə Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər üçün əlavə fond yaradıldı. COVID-19 başlayanda beynəlxalq böhrana beynəlxalq yanaşma görmədik. Təəssüf ki, BMT çərçivəsində, yaxud onların çətiri altında irimiqyaslı tədbirlərin təşkil olunmasını görmədik. Bununla əlaqədar Azərbaycan Prezidenti BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü. Çox şadıq ki, BMT, üzv dövlətlər bu təşəbbüsü dəstəklədi”.

Prezidentin köməkçisi özünün də koronavirusa qarşı peyvənd olunduğunu qeyd edib: “Mən peyvənd olunmuşam və heç bir neqativ təsirini hiss etmirəm”.

H. Hacıyev vurğulayıb ki, peyvəndlərin milliləşdirilməsi də ciddi məsələdir: “Bu kimi məsələləri biz müşahidə edirik. Aşağı gəlirli ölkələr hələ bu proqrama başlamayıb. Belə məlumat var ki, yüksək gəlirli ölkələr vaksini ehtiyacdan daha yüksək həcmdə alırlar və digər ölkələrə bu çatmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR