Mixail Qorbaçovun köməkçisi: "Onun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi" - MÜSAHİBƏ

Mixail Qorbaçovun köməkçisi: "Onun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi" - MÜSAHİBƏ
  • Clock-gray 14:00
  • calendar-gray 20 Yanvar 2020

Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisist, 1990-cı ildə SSRİ-nin rəhbəri Mixial Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi olmuş Georgi Pryaxinin APA-nın Moskva müxbirinə müsahibəsi

Qeyd: Georgi Vladimiroviç Pryaxin. Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisisti və naşiridir. SSRİ Dövlət Teleradiosunun baş direktorunun müavini, 1988-90-cı illərdə Mərkəzi Komitənin şöbə müdirinin müavini, daha sonra isə SSRİ-nin rəhbəri Qorbaçovun köməkçisi vəzifəsində çalışıb. Hazırda "Xudojestvennaya literatura" nəşriyyatına rəhbərlik edir.      

- Georgi Vladimiroviç, bu il SSRİ rəhbərliyinin Bakıda törətdiyi, bəşəriyyətə ləkə olan 20 yanvar faciəsindən 30 il keçir. Siz həmin dövrdə Mərkəzi Komitədə mühüm vəzifələrdən birini tutmusunuz, Qorbaçovun daim təmasda olduğu insanlardan olmusunuz. Necə xatırlayırsınız həmin günləri?

- Bakıya qoşun yeridilməsi ilə bağlı qərar çox çətinliklə verilmişdi. Çünki bu, çox ağrılı qərar idi. Bu qərar verilmədən öncə Qorbaçov ətrafından Bakıdakı vəziyyəti öyrənmək üçün ən liberal olan Yevgeni Primakovu seçmişdi. Primakov o zamanlar siyasi ulduz idi. Qorbaçovun onu seçməkdə məqsədi vardı. Çünki Primakov Bakıda böyümüşdü. Azərbaycanı yaxşı tanıyırdı. Azərbaycanda da Primakovu yaxşı tanıyırdılar. O, Bakıda olanda mən daim onunla təmasda idim. Tez-tez telefonla danışırdıq. Bilirsiniz, SSRİ rəhbərliyi Bakıya qoşun yeridəndə bunun qırğınlarla nəticələnəcəyini yaxşı bilirdi. Çünki qoşun yeridilməsinin nəticəsi başqa cür ola da bilməzdi. Qoşun yeridilməsi haqqında qərarı çox gizli saxlayırdılar. Amma mən bu gizliliyi pozmuşdum. Çünki Bakıda yaxın dostum, o zaman Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri Arif Mansurov yaşayırdı. Yanvarın  19-da ona zəng elədim, dedim ki, bu gecə nə özü, nə də ailə üzvləri çölə çıxmasın, evdə otursunlar. Səbəbini açıqlaya bilməyəcəyimi Arif Mansurova dedim. Ona zəng edəndə Bakıya qoşun yeridilməsinə saatlar qalmışdı. Lakin Arif mənim dediklərimin əksini etmişdi. Oğlunu da götürüb əlində videokamera şəhərə çıxmışdı. Baş verən hadisələri, SSRİ hərbçilərinin görüntülərini kameraya çəkmişdilər.

Mən bütün bu proseslərin canlı şahidi olmuşam. Bakıya qoşun yeridilməsi haqqında qərar birdən verilməmişdi. Bəzən Qorbaçovun bu qərarı verməsi haqqında danışarkən onun ətrafında olan erməniləri göstərirlər. Bəli, həmin dövrdə Qorbaçovun ətrafında Georgi Şahnazarov vardı. Təəssüflər olsun ki, həmin dövrdə artıq SSRİ ərazisində milli zəmində münaqişələr baş qaldırmışdı. Lakin Moskva böyük enerji resursları olan Azərbaycanı itirmək istəmirdi. O vaxtkı SSRİ rəhbərliyinin ən böyük səhvlərindən biri, məhz Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması idi. Mən Heydər Əliyevi çox yaxından tanıyırdım. Qorbaçov Heydər Əliyevi istefaya göndərməklə böyük səhvə yol vermişdi. Bunu sonrakı hadisələr də göstərmiş oldu.

"İlk gülləni ermənilər atmışdı, azərbaycanlı gənc qızı güllələmişdilər"

- Mərkəzi Komitədə, SSRİ rəhbərliyinin yuxarı eşelonunda Ermənistanla Azərbaycan arasında qızışdırılan milli zəmində münaqişəyə münasibət necə idi? Hansı tərəfi daha çox günahlandırırdılar?

- Mən Azərbaycanla Ermənistan arasında münaqişənin başlanmasının ilk şahidlərindənəm. Yadımdadır, dekabrın 8-də səhər Spitakda zəlzələ ilə bağlı Ermənistana getmişdim. İlk gülləni Ermənistan tərəfinin atması... Yadımdadır, azərbaycanlı gənc qızı güllələmişdilər. Bunu hamı bilirdi. Bu hadisə SSRİ rəhbərliyinə də məlum idi.

Bakıya qoşun yeridilməsi haqqında qərar SSRİ rəhbərliyinin ən yuxarılarında verilmişdi və bu qərar kollegial şəkildə qəbul olunmuşdu. Həmin vaxt mən "Staraya Ploşad"da (Kremlin Administrasiyası, Mərkəzi Komitənin yerləşdiyi məkan - F.Ə.) idim. Bütün gecəni işdə oldum. Həmin gecə mənim üçün bütün mənalarda çox ağrılı idi. Çünki günahsız insanların qurban veriləcəyinə əmindim. Onların arasında Bakıdakı dostlarım da ola bilərdi.

"40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi"

- Bakıda törədilən faciə ilə bağlı Moskvada SSRİ tarixində ən böyük etiraz aksiyası keçirildi. Mərkəzi Komitənin azərbaycanlıların mitinqinə reaksiyası necə oldu?

- Ayın 20-də artıq səhər saatlarında Moskvadakı Azərbaycan icması 10 minlərlə insanı küçəyə çıxarmışdı. Bu Sovetlər dövründə Moskvada keçirilən ilk və insan sayına görə ən böyük etiraz mitinqi idi. Mərkəzi Komitənin binası önündə minlərlə insan... Bu, görünməmiş bir hadisə idi. Etirazçı azərbaycanlıların önünə mən və Mərkəzi Komitənin təşkilat şöbəsinin müdirinin müavini Vladimir Babiç çıxdıq. Vladimir Stepanoviç artıq həyatda yoxdur. Etirazçı kütlə çox həyəcanlı idi. Açığını deyim, biz də qorxmuşduq. Onların içərisində bir nəfər tanışımı gördüm. Bu, Azərbaycan Dövlət Televiziya və Radiosunun Moskvadakı müxbiri Abuzər Bağırov idi. Abuzəri mən SSRİ Dövlət Teleradiosunun sədr müavini olduğum zamandan tanıyırdım. Onu görəndən sonra bir az sakitləşdim. Etirazçılar özlərini çox mədəni aparırdılar. Bu zaman əmin oldum ki, SSRİ rəhbərliyinin insanların beyninə doldurduğu xalqlar dostluğu məfhumu xəyaldan başqa bir şey deyil. Mən daha çox xalqların fərdlərinin ayrı-ayrılıqda dostluğuna inanıram. Mitinq iştirakçılarından hazırladıqları petisiyanı qəbul etdik və həmin petisiyanı Mixail Qorbaçova verdik.

Həmin gün Qorbaçov mənə zəng də eləmişdi. Məndən azərbaycanlıların Moskvadakı mitinqlərində neçə nəfərin iştirak etdiyini soruşdu. Ona 100 minə yaxın azərbaycanlının küçəyə çıxması haqqında məlumat vermişdilər. 100 min də olmasa da, 40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi. Bu, Moskvadakı azərbaycanlı ziyalıların mitinqi idi. Ona görə də mitinq zamanı heç bir qanunsuzluğa yol verilməmişdi. Sakit etiraz aksiyası idi. İndi etiraz aksiyası heç kəsdə təəccüb doğurmur. Lakin bu, həmin zaman üçün çox nadir hal və Moskva üçün "yenilik" idi.

"Qorbaçovun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi"

- Moskvadakı Azərbaycan icmasının etiraz mitinqinə və petisiyaya Qorbaçovun münasibəti necə oldu?

- Təbii ki, Qorbaçov bunu ağrılı qarşıladı. Lakin o bu faciənin mənasını və nə ilə nəticələnəcəyini anlayırdı. Çünki onun rəhbərliyi ilə siyasi büronun qəbul etdiyi qərarın bütün məsuliyyətini özü daşıyırdı. Onun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi. Bakıya ciddi hərbi kontingent yeridilmişdi.

Heç bir imperiya əbədi deyil. Hər bir imperiyanın sonu olduğu kimi, Sovetlər İttifaqı imperiyasının da sonu oldu. 20 yanvar faciəsi isə SSRİ imperiyasının sonunu yaxınlaşdıran hadisələrdən biri idi. Məsələ ondadır ki, imperiyasının dağılması prosesində insan itkisinin qarşısını almaq mümkün idi. Lakin bunun üçün ölkənin iqtisadi gücü və rəhbərliyin istedadı olmalı idi. Təəssüf ki, bunların heç biri SSRİ-də yox idi.    

"Bakıya qoşun yeritməyə gərək yox idi"    

- Siz o vaxt Qorbaçovun ən yaxınında olmuş adamlardan birisiniz. Sizcə, bu faciənin qarşısını almaq olardımı? SSRİ rəhbərliyinin bunun üçün imkanı vardımı?

- Hesab edirəm ki, Bakıya qoşun yeritməyə gərək yox idi. Danışıqlar üçün böyük bir qrupla Azərbaycana getmək lazımıydı. Bu qrupa nüfuzlu bir azərbaycanlı rəhbərlik etməlidiydi, bu nüfuzlu şəxs isə Heydər Əliyev idi. Qorbaçov həmin vaxt Bakıya Heydər Əliyevi danışıqlar üçün göndərməliydi. O bu faciənin qarşısını Heydər Əliyevi Bakıya göndərməklə ala bilərdi. Təəssüf ki, bu addımı atmadı. Nəticəsi də göz qabağındadır.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date