Polşa koronavirusla mübarizədə Azərbaycana humanitar yardım göndərib

Polşa koronavirusla mübarizədə Azərbaycana humanitar yardım göndərib
# 25 iyun 2020 12:54 (UTC +04:00)

Polşa yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində Azərbaycana humanitar yardım göndərib.

APA-nın xəbərinə görə, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.

“Bu gün şəxsi qoruyucu vasitələrini Bakıya göndəririk. Bu, “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımız üçün həmrəylik yardımı aksiyasının davamıdır. Yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min Polşa zlotı olan tibbi maskalar, qoruyucu dəbilqə və dezinfeksiyaedici vasitələri göndərir”, - deyə Polşanın Xarici İşlər nazirinin müavini Pavel Yablonski Vroslav hava limanında humanitar yardımın yola salınma mərasimində deyib.

Polşa XİN başçısının müavini qeyd edib ki, ölkənin Maddi Ehtiyatlar Agentliyi, Səhiyyə Nazirliyi, Beynəlxalq Həmrəylik Fondu və Milli Müdafiə Nazirliyi humanitar yardımın göndərilməsinə dəstək verib.

Yardımı qəbul edən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir.

Qeyd edək ki, oxşar yardım iyunun 19-da Vroslav hava limanından Ermənistana və Gürcüstana göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR