Seyid Çavuşun atdığı mərmi, 50 mindən çox Vətən övladının simvolik məzarı - Çanaqqaladan REPORTAJ

Seyid Çavuşun atdığı mərmi, 50 mindən çox Vətən övladının simvolik məzarı - Çanaqqaladan REPORTAJ
# 18 mart 2021 12:11 (UTC +04:00)

Çanaqqalada olarkən qeyri-ixtiyari bizə tarixdən dərs deyən Rüfət müəllimi xatırladım. Rüfət müəllim Çanaqqalanın mahiyyətini çox dəqiq ifadə etmişdi: "Çanaqqala Türkiyə üçün böyük qurbanların verildiyi bir şəhərdir".

Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni, 1915-1916-ci illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkilər vermişdi.

Təxminən 9 ayadək davam edən bu döyüşlərdə 253 minədək Vətən övladı Çanaqqaladan bir daha geri qayıtmamışdı. “Çanaqqala keçilməz!” deyən türk əsgəri sinəsini sipər etmiş, gözünü qırpmadan canını Vətəninə fəda etmişdi.

Bu döyüşlərdə ölən minlərlə şəhidin xatirəsini əbədiləşdirmək üçün 1954-cü ildə təməli qoyulan Çanaqqala Şəhidlər Abidəsi 1960-cı ildə ziyarətə açılıb. Hündürlüyü 41 metr olan və açıq havada yarımadanın demək olar bütün nöqtələrindən görünən bu abidə Osmanlının müxtəlif hissələrindən gəlib Çanaqqala döyüşlərində şəhid olan əsgərlərin xatirəsinə inşa edilib.

Bu əzəmətli abidə 4 sütundan ibarətdir. Dənizə baxan iki sütunda dəniz döyüşləri, quruya baxan digər iki sütunda isə quru döyüşlərinin barelyefləri əks olunub. Abidənin tavanında isə türk bayrağı dalğalanır.

Abidənin yerləşdiyi ərazidə bir də məzarlıq var, simvolik məzarlıq... Baş daşları şüşədən olan bu məzarlar həqiqi məzarlar deyil, müharibə zamanı şəhid olan və indiyə qədər cəsədləri tapılmayan 59 408 Vətən övladının simvolik məzarıdır. Baş daşlarında həlak olanların adları, yaşları, hansı şəhərlərdən olduqları, hərbi rütbələri əks olunub.

Bu məzarlıqda olarkən qarışıq hisslər keçirirsən. Qarşıda geniş mavi sular açılır, Dardanel ayağınızın altındadır, təbiətin bu gözəlliyindən təsirlənməmək mümkün deyil. Arxaya çevriləndə isə sıra ilə düzülmüş baş daşlarını görürsən və 59 408 ad... Müharibənin yarımçıq qoyduğu, həyatı doya-doya yaşaya bilməyən gənclərdən yalnız adlar qalıb...

Məzarlıqda yalnız bir həqiqi məzar var - naməlum əsgərin məzarı. Çanaqqala döyüşlərində bir türk əsgərinin kəlləsi ANZAC əsgəri tərəfindən kəsilir və Avstraliyaya aparılır. ANZAC əsgəri kəlləni mumyalayaraq saxlayır. Ancaq illər sonra, 2003-cü ildə həmin əsgərin övladları kəlləni Melbrundakı Türkiyə Konsulluğuna təqdim edir, türk əsgərinin qalığı canını fəda etdiyi vətəninə gətirilərək dəfn edilir.

Sıra ilə düzülən bu məzarlara baxdıqca fədakarlıq anlayışını daha yaxşı dərk edirsən. Gözünü qırpmadan Vətən uğrunda canını fəda etmək.

Abidəni ziyarətdən qayıdarkən Dardanelin sahilində avtobusumuz əlindəki mərmini boğaz istiqamətində atmağa hazırlaşan əsgər abidəsinin qarşısında dayandı. Bələdçimiz bildirdi ki, bu, Çanaqqala dаstаnının qəhrəmаnlаrındаn biri olan Seyid Çavuşun abidəsidir.

Yanındakı bütün topçu yoldaşları şəhid olan Seyid Çavuş tək qalır, düşmən gəmisi isə bоğаzа yаxınlаşır. Gəmi bоğаzа girsə, Аnаdоlunun tаlеyi həll оlunаcаq və İstanbul işğаl olunacaqdı. Sеyid Çаvuşun isə yalnız bir tоp mərmisi qаlmışdı. Tək adamın bu mərmini götürüb tоpun lüləsinə qоymаsı qeyri-mümkün idi. Аmmа Sеyid Çаvuş 276 kilоluq mərmini bir аndа götürərək tоpа qоyur və аtəş аçır. Bu аtəşlə о, gəminin gövdəsini dаğıdır və gəmi bаtır. Bеləliklə, Sеyid Çаvuşun bu qəhrəmаnlığı düşmənin gеri çəkilməsinə səbəb оlur. Beləliklə Seyid Çavuş Çanaqqala döyüşünün tаlеyində çox mühüm rol oynayır.

Çanaqqala döyüşlərində azərbaycanlıların da iştirak etdiyi faktdır. Döyüşlərdə həlak olan azərbaycanlıların sayı 1500-3000 nəfər arasındadır.

Məzarlıqda Çanaqqala döyüşlərində həlak olan azərbaycanlıların xatirəsinə həsr olunan lövhə qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR