Səfir: "Avropa İttifaqı Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir" - YENİLƏNİB

Səfir: "Avropa İttifaqı Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir" - YENİLƏNİB
# 03 fevral 2021 10:50 (UTC +04:00)

"Avropa İttifaqı Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

"Keçən il baş tutmamış Aİ-Azərbaycan Biznes Forumunun bu il keçiriləcəyinə ümid edirik. Tezliklə Biznes Mühiti Sorğusu dərc olunacaq. Bu, Aİ-nin Azərbaycandakı fəaliyyətlərinə dair müntəzəm olaraq keçirilən ənənəvi sorğudur", - deyə Aİ-nin səfiri vurğulayıb.

Səfirin sözlərinə görə, investisiya qoymağı düşünən şirkətlər iş mühitini öyrənir və müxtəlif suallar verir.

“Onlar mükəmməl, funksional qanunun aliliyi və məhkəmə sisteminin olmasının onların həmin ölkədəki biznesi üçün çox vacib olduğunu vurğulayırlar. Azərbaycan illərdir bu sahədə müxtəlif islahatlar üzərində işləyir və biz bu islahatların daha da inkişafında maraqlıyıq.

Ötən il Azərbaycan üçün vacib idi və geri qaytarılan ərazilərdə görüləsi çox iş var. Azərbaycanın müasir texnologiyalardan istifadə edərək daha yaxşı, daha yaşıl yenidənqurma marağını qeyd etmişik.

Bu, gələcək əməkdaşlığın potensial sahələri ola bilər. Ümid edirik ki, Azərbaycan və Avropa İttifaqı arasında biznes komponenti gələcəkdə böyüyəcək. Bu səbəbdən şübhəsiz ki, qanunun aliliyi əsas məsələdir. Məmnuniyyətlə qeyd edirəm ki, Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanda mübahisələrin alternativ həlli strukturlarının yaradılması, vasitəçilərin hazırlanması işində ön sıralarda olub və indi biz bu işi arbitraj, ticarət və inzibati məhkəmələrin potensialının artırılması sahəsində davam etdirəcəyik”, - K. Yankauskas bildirib.

Qeyd: Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bildirdiyinə görə, tədbirdə çıxışların sinxron tərcüməsi zamanı xətaya yol verilib. Redaksiya Nümayəndəliyin rəyini nəzərə alaraq mətni yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR