XİN: Ermənistanın hərbi təcavüzün qarşısının alınmasında QH ilə yanaşı Türk Şurası da Azərbaycanla həmrəy olub

XİN: Ermənistanın hərbi təcavüzün qarşısının alınmasında QH ilə yanaşı Türk Şurası da Azərbaycanla həmrəy olub
# 29 dekabr 2020 13:03 (UTC +04:00)

2020-ci ildə Azərbaycan Qoşulmama Hərəkatı (QH), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi həyata keçirilib.

APA-nın xəbərinə görə, bu, 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında əksini tapıb.

“İl ərzində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilib. 21 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev QH-nin sədri qismində BMT-nin 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli tədbirdə çıxış edib.

12 iyul tarixindən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribatla bağlı 16 iyul 2020-ci il tarixində QH-nin Əlaqələndirici Bürosunun fövqəladə iclası keçirilib və iclasın yekununda həmin təxribatı pisləyən Kommünike qəbul edilib. 27 sentyabr tarixində Ermənistanın yenidən başlamış hərbi təcavüz aktı ilə əlaqədar QH-nin 9 oktyabr 2020-ci il tarixində video-konfrans formatında keçirilmiş iclasının gündəliyinə “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilmişdir. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirmiş, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamış və Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəy olduqlarını qeyd etmişlər.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olan yeddi QH ölkəsi 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə olunduğu BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri, eləcə də TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsinin müzakirələri zamanı münaqişə ilə bağlı QH-nin prinsipial mövqeyindən çıxış edərək ölkəmizə dəstək nümayiş etdirmiş və TŞ sədri adından qərəzli bəyanatın qəbul olunmasının qarşısını almışlar.

Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüzün qarşısının alınmasında QH ilə yanaşı Türk Dövlətləri Əməkdaşlıq Şurası (TDƏŞ) da Azərbaycanla həmrəyliyini nümayiş etdirmişdir. 28 sentyabr tarixində TDƏŞ-in Baş katibi öz bəyanatında münaqişənin Azərbaycanın suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulanmışdır. Ümumilikdə, Azərbaycanın TDƏŞ-də sədrliyi yüksək fəallığı və səmərəliliyi ilə seçilmişdir. 10 aprel 2020-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının cari sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş video-konfrans vasitəsilə TDƏŞ-in fövqəladə Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü dünyada COVİD-19 pandemiyasına həsr olunan dövlət başçıları səviyyəsində ilk tədbir olmuşdur.

2020-ci ildə Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-da sədrliyi çərçivəsində geniş spektrli əməkdaşlıq sahələri üzrə bir sıra dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Turizm Agentliyinin mütəxəssislərinin iştirakı ilə telekonfrans formatında çox saylı görüşlər və işçi iclaslar keçirilmişdir”, - deyə bildirilib.

Qeyd olunub ki, cari ildə Azərbaycanın hərtərəfli inkişaf strategiyasına xidmət edən xarici siyasət fəaliyyətində xüsusi diqqət iqtisadi münasibətlərin inkişafı, enerji təhlükəsizliyin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayrılmışdır: “Beynəlxalq ticarət əlaqələrinin təşviqi, ixrac potensialının və yerli sənaye məsullarının beynəlxalq rəqabətliyinin artırılması, yüksək texnologiyalar və innovasiyaların tətbiqi, həmçinin qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi xarici iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil etmişdir.

İl ərzində “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” və “BMT-nin İnkişaf Proqramının 2021-2025-ci illər üçün Azərbaycan üzrə ölkə proqramı sənədi” layihələri razılaşdırılmış, həmçinin, BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında Dayanıqlı İnkişaf üzrə 2021-ci ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum zamanı ölkəmizin növbəti Könüllü Milli İcmal təqdim etməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, region və MDB ölkələri arasında Azərbaycan Könüllü Milli İcmal təqdim edəcək ilk ölkə olacaqdır.

Bu il Xarici İşlər Nazirliyinin əlaqələndirilməsi ilə bu il Litva, Ukrayna, İtaliya, Koreya və Macarıstan ilə Hökumətlərarası Komissiyaların iclasları keçirilmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR