Əli Hüseynli: “Dünya Bankı Azərbaycanda aparılan islahatlara yüksək dəyər verir”

Əli Hüseynli: “Dünya Bankı Azərbaycanda aparılan islahatlara yüksək dəyər verir”
  • Clock-gray 10:51
  • calendar-gray 19 Dekabr 2020

Bu günlərdə Dünya Bankının Daxili Auditi 2020-ci ilə dair Bankın Doing Business Hesabatında 4 ay əvvəl qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı müstəqil araşdırma apararaq müvafiq düzəlişlər edib. Qurumun 16 dekabr 2020-ci il tarixli press relizində əksini tapmış yekun nəticələrə görə Azərbaycanının mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz otən ildə olduğu kimi yenə də dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli bildirib. Onun sözlərinə görə, anlaşılmazlıq  hesabatda Azərbaycanda 3 istiqamətdə -  elektrik təchizatı şəbəkələrinə qoşulma, müqavilələrin icrası və sərhəddə ticarət indikatorları üzrə aparılmış islahatlarla bağlı reallığı düzgün əks etdirilməməsi səbəbindən yaranıb:

“Belə ki,  bundan öncə “Doing Business 2020” ilkin hesabatında göstərilən sahələr üzrə ölkəmizin nailiyyətləri daha az balla qiymətləndirilmişdi. Audit qrupu araşdırmalardan sonra texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sadələşdirildiyini və sayının əhəmiyyətli dərəcədə ixtisar olunduğunu; ölkənin öz məhkəmə sistemində 4 sahə üzrə - məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli istiqamətində daha yaxşı təcrübələrin tətbiq etdiyini; idxal-ixrac əməliyyatlarının, habelə bununla bağlı sərf olunan müvafiq sənədləşmələrin aparılması müddətinin azaldığını müəyyən edib”.

Ə.Hüseynli qeyd edib ki, obyektiv qiymətləndirmələrdən sonra hesabatda Azərbaycanın əldə etdiyi nailiyyət 76,7 baldan 78,5 bala qədər yüksələrək qlobal reytinq sıralamasında onun mövqeyini 191 ölkə arasında 34-dən 28-ə  qədər qalxmasını təmin edib: 

“Qeyd etmək istərdim ki, qarşılıqlı etimad və fayda əsasında Azərbaycanın dünyada mühüm inkişaf institutu sayılan və ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verən Dünya Bankı ilə 1992-ci ildən bəri davam edən əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu baxımdan Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma bu qurumun yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğuna dəlalət edir”. 

Günay Elşadqızı

Digər xəbərlər