Naxçıvanda “Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və insan hüquqlarının etibarlı müdafiəsi” mövzusunda seminar keçirilib

Naxçıvanda “Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və insan hüquqlarının etibarlı müdafiəsi” mövzusunda seminar keçirilib
# 13 fevral 2007 09:15 (UTC +04:00)
Fevralın 9-10-da Naxçıvanda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə təşkil olunmuş “Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və insan hüquqlarının etibarlı müdafiəsi” mövzusunda seminar keçirilib. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, seminarda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev də iştirak ediblər. Muxtar Respublikanın bütün hakimləri və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının qatıldığı tədbirdə çıxış edən F. Məmmədov və R. Rzayev məhkəmə sahəsində aparılan islahatların mahiyyətinə, mülki və cinayət işlərinə baxılarkən qarşıya çıxan problemlərə toxunublar. Seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və digər mövzulara dair müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb. İştirakçılara insan haqlarının müdafiəsi və digər mövzularda 700-dən çox hüquq ədəbiyyatı və sair nəşrlər təqdim olunub. Səfər çərçivəsində F. Məmmədov və R. Rzayev Naxçıvan Muxtar Respublikasının ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanış olub, onların ehtiyacları və problemləri ilə maraqlanıb, Şahbuz rayonunda məhkəmə və ədliyyə qurumları üçün yeni istifadəyə verilmiş binaya baxıb, Naxçıvanda müasir tələblərə uyğun inşa edilən qarışıq rejimli cəzaçəkmə müəssisəsinə baş çəkərək tikinti işlərinin gedişi ilə maraqlanıb, müvafiq tövsiyələr veriblər. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR