ABŞ prezidenti 2008-ci ilin hərbi büdcəsini təsdiqləyib

ABŞ prezidenti 2008-ci ilin hərbi büdcəsini təsdiqləyib
# 29 yanvar 2008 09:04 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş 2008-ci ilin hərbi büdcəsi haqqında yeni layihəni təsdiqləyib. APA-nın ABŞ bürosunun məlumatına görə, bu il ölkənin hərbi xərcləri üçün 696 milyard dollar vəsait ayrılacaq, qanunda hərbçilərin maaşlarının 3,5 faiz artırlması üçün də vəsait nəzərdə tutulub. ABŞ hökuməti 2008-ci ildə İraq və Əfqanıstanda hərbi əməliyyatlar üçün 189 milyard dollar ayırıb. Bundan başqa 2008-ci ildə Müdafiə Nazirliyinin fəaliyyətinin maliyyələşdirilməsi və Energetika Nazirliyinin nüvə və silah proqramlarının həyata keçirilməsi üçün 507 milyard dollar xərclənəcək. Corc Buş Polşa və Çexiya ərazisində yeni raket hücumundan müdafiə sisteminin quraşdırılması üçün 310 milyon dollar ayrılmasını istəsə də, konqresmenlər bu iş üçün 225 milyon dolların kifayət edəcəyi qənaətinə gəliblər. Qeyd edək ki, Corc Buş İraq hökumətinin çoxsaylı şikayətlərini nəzərə alaraq bundan əvvəlki qanun layihəsini təsdiqləmədən geri qaytarmışdı. İraq tərəfinin əsas şikayəti ondan ibarət idi ki, büdcədə ABŞ-da İraqa məxsus bank hesabları və buradakı vəsaitin terror qurbanlarına kompensasiya şəklində ödənməsi məsələsi nəzərdə tutulmayıb. Corc Buş bildirib ki, köhnə qanun layihəsi İraqın bərpası üçün zəruri olan milyardlarla dollar vəsaitin taleyini şübhə altına qoyur. Buş administrasiyasının məlumatına görə, hazırda ABŞ-ın bank hesablarında İraq vətəndaşlarına məxsus 25 milyard dollar vəsait var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR