Kənd Təsərrüfatı Nazirliyi fermerlərə subsidiyaların verilməsi üçün sənədləri Maliyyə Nazirliyi və “Kapital Bank”a göndərib

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə subsidiyaların verilməsi üçün sənədləri Maliyyə Nazirliyi və “Kapital Bank”a göndərib
# 01 avqust 2008 14:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi (KTN) fermerlərə əkin sahələrinin becərilməsində sərf etdikləri yanacağa görə subsidiyaların verilməsi üçün 46 rayonun təqdim etdiyi sənədlərə baxaraq Maliyyə Nazirliyi və “Kapital Bank”a göndərib. Bu barədə «APA-Economics»ə KTN-in aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov məlumat verib. İ. İbrahimovun sözlərinə görə, yaxın vaxtlarda həmin vəsaitin “Kapital Bank” tərəfindən plastik kartlar vasitəsi ilə istehsalçılara verilməsi həyata keçiriləcək: «Respublika Komissiyası iyulun 29-da təklifləri araşdırıb və subsidiyaların verilməsinə dair razılığı ötən gün müvafiq qurumlara təqdim edib».
Nazirlik rəsmisi bildirib ki, ümumilikdə 58 rayona subsidiyalar verilməlidir. 12 rayondan təqdim olunan sənədlərə isə yaxın günlərdə baxılacaq. Azərbaycanda əkinçiliklə məşğul olan 400 mindən artıq vətəndaş 40 manat məbləğində olan subsidiyanı ala biləcək.
Qeyd edək ki, hazırda taxıl istehsalçılarına əlavə olaraq hər hektar əkin sahəsinə görə 40 manat yardım göstərilir. Ümumilikdə, taxıl istehsalçıları hər hektar əkin sahəsinə görə 80 manat (40 manat kənd təsərrüfatı ilə məşğul olan bütün istehsalçılara verilir + 40 manat taxıl əkininə görə) subsidiya verilir. İstehsalçılara işlətdikləri yanacaq, sürtgü yağları və mineral gübrələrin dəyərinin 50%-nin dövlət büdcəsi hesabına subsidiya şəklində ödənilməsi planlaşdırılır. Bu məqsədlə 2008-ci il büdcəsində 80 mln. manat həcmində vəsait nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR