Vyetnamda ilk metro xətti istifadəyə verilib

Vyetnamda ilk metro xətti istifadəyə verilib
# 06 noyabr 2021 12:51 (UTC +04:00)

Vyetnamın ilk metro xətti şənbə günü ölkənin paytaxtı – Hanoy şəhərində fəaliyyətə başlayıb.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyi bütün sərnişinlərə ilk 15 gün ərzində metrodan pulsuz istifadə etmək hüququ verib.

Yol ötürücüsünün üzərinə qaldırılmış 13 kilometrlik dəmir yolu şəhərin mərkəzini yeni ucqar yaşayış massivləri ilə birləşdirir. Xətt boyu orta sürəti 35 km/saat olan 12 qatar hərəkət edəcək ki, onların hər biri dörd vaqondan ibarətdir və 900-dən çox sərnişin daşımaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, Hanoyda metronun birinci xəttinin tikintisinə 2011-ci ildə başlanılıb. İlkin olaraq güman edilirdi ki, metronun ilk sınaqları 2013-cü ildə baş tutacaq, 2014-cü ilin əvvəlinə isə metro xətti artıq şəhər nəqliyyat sisteminin inteqrasiya olunmuş hissəsinə çevrilməli idi. Bununla belə, gələcək metro obyektləri üçün ərazinin boşaldılmasında yaranan çətinliklərlə əlaqədar layihənin ilkin mərhələsində çoxsaylı gecikmələr tikintinin dəyərini 160% artırıb və xəttin istifadəyə verilməsinin gözlənilən tarixini xeyli gecikdirib. Layihəyə qoyulan ümumi investisiya nəzərdə tutulan 330 mln. ABŞ dolları əvəzinə təxminən 886 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR