Gürcüstan Prezidenti müxalif liderin həbsdən buraxılması üçün şərtini açıqlayıb

Gürcüstan Prezidenti müxalif liderin həbsdən buraxılması üçün şərtini açıqlayıb
# 19 aprel 2021 16:28 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” Partiyası ilə müxalifət arasında razılaşma imzalanacağı təqdirdə müxalif lider Giorgi Ruruanı əfv edəcəyini bəyan edib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə S. Zurabişvili bu barədə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, müvafiq qərarı qəbul etməsi üçün tərəflər əvvəlcə razılığa gələrək yekun sənəd imzalamalı və parlamentə daxil olmalı, həmçinin ABŞ və Avropa İttifaqı razılığın əldə edilməsini bəyan etməlidir. Prezident bildirib ki, bundan sonrakı bir həftə ərzində Giorgi Ruruanı əfv etməyə hazırdır.

Qeyd edək ki, G. Rurua 2019-cu ilin 18 noyabrında odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlanılıb. O, 30 iyul 2020-ci il tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 4 il müddətinə məhkum edilib. G. Rurua müxalifyönlü “Mtavari Arxi” telekanalın əsas səhmdarlarından biridir. Onun azad edilməsi dialoq prosesində Gürcüstan müxalifətinin hakimiyyət qarşısındakı əsas tələblərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR