Avropa Parlamenti “Qolodomor”u Ukrayna xalqına qarşı törədilmiş soyqırımı kimi tanıyıb

Avropa Parlamenti “Qolodomor”u Ukrayna xalqına qarşı törədilmiş soyqırımı kimi tanıyıb
# 23 oktyabr 2008 16:07 (UTC +04:00)
Bakı-APA. Avropa Parlamenti Ukraynada baş verən “Qolodomor” hadisəsini insanlığa qarşı cinayət kimi rəsmən tanıyıb. APA-nın məlumatına görə, bu barədə müvafiq qətnamə bu gün qəbul olunub. Sənəddə bildirilir ki, “Qolodomor” Ukrayna xalqına və insanlığa qarşı məqsədyönlü şəkildə yürüdülən cinayətdir. Avropa Parlamenti sabiq sovet respublikalarını bu faciənin əsl qiymətini alması üçün öz arxivlərini açmağa çağırıb.

Qeyd edək ki, rəsmi Kiyev ötən əsrin 30-cu illərində baş verən aclığı Ukrayna xalqına qarşı soyqırımı kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu faktı tanımağa çağırıb. Ukrayna tarixçilərinin hesablamalarına görə, 1932-33-cü illərdə baş verən aclıq təqribən 7-10 milyon insanın ölümünə səbəb olub. Rusiya alimləri isə aclığın SSRİ-nin əsas taxılçılıq rayonlarını əhatə etdiyini bildirirlər. Onların iddialarına görə, aclıq prosesi Ukrayna, Şimali Qafqaz, Yuxarı və Aşağı Volqaboyu, Mərkəzi Qara dəniz vilayətinin bir hissəsini, Qazaxıstan, Qərbi Sibir və Cənubi Uralı əhatə edib. Müxtəlif məlumatlara görə, aclıq nəticəsində Ukraynada 3-3,5 milyon, Qazaxıstan və Qırğızıstanda 2 milyon, Rusiyada 2,5 milyon insan aclığın qurbanı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR