Rusiya ilə insidentə səbəb olan Britaniya hərbi gəmisi Batumi limanına çatıb

Rusiya ilə insidentə səbəb olan Britaniya hərbi gəmisi Batumi limanına çatıb
# 26 iyun 2021 15:02 (UTC +04:00)

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Defender” hərbi gəmisi Gürcüstanın Batumi limanına çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi gəminin Gürcüstana səfərinin məqsədi Böyük Britaniya və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində yaxın əməkdaşlıq əlaqələrini nümayiş etdirməkdir.

“HMS Defender”in hər iki ölkənin hərbi dəniz qüvvələrinin iştirakı ilə Qara dənizdə baş tutacaq təlimlərdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, bu, “HMS defender” hərbi gəmisinin Gürcüstana ilk səfəridir.

Xatırladaq ki, bir neçə gün öncə “HMS Defender” hərbi gəmisinin Ukraynadan Gürcüstana səfəri zamanı insident baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus minadaşıyan “HMS Defender” gəmisinin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb və sərhəd keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, “Su-24M” bombardmançı təyyarəsi xəbərdarlıq məqsədli bomba atıb. Böyük Britaniya Müdafiə Nazirliyi isə hadisə ilə əlaqədar açıqlamasında insidentin baş verməsi ilə bağlı məlumatları təkzib edib və “HMS Defender” minadaşıyan gəmisinin beynəlxalq hüquqa uyğun olaraq Ukrayna ərazi sularından keçdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR