Gələn ilin birinci yarısı Avropa Şurasının Monitorinq qrupu bütün Qafqaz ölkələrinə səfər etməyi planlaşdırır

Gələn ilin birinci yarısı Avropa Şurasının Monitorinq qrupu bütün Qafqaz ölkələrinə səfər etməyi planlaşdırır
# 25 dekabr 2006 10:45 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin APA-ya eksklüziv müsahibəsi

- 2006-cı ilin yekunlarını necə qiymətləndirisiniz?
- İlin yekunlarını birmənalı qiymətləndirməsəm də, olduqca mürəkkəb, tədbirlərlə və maraqlı işlərlə zəngin il adlandıra bilərəm. Çoxlu yeni fikirlər, layihələr ortaya çıxıb. Sözsüz ki, bu layihələrin hamısının bir ildə gerçəkləşdirilməsi mümkün deyil. Bu il içində nazirlik yeni iş cədvəlinə keçib, nazirliyinin daxilində müasir idarəçilik ab-havası hökm sürür. İnanıram ki, nazirlik tədbirəcən funksiyalarının həyata keçirilməsi üçün daha da müasirləşəcək, modernləşəcək. Bütövlükdə isə respublikada gedən islahatlara görə, bu ili Azərbaycan üçün çox uğurlu olub.
- Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitin miqdarı Sizi qane edirmi?
- Siz istənilən dövlət orqanının başçısından büdcənin onu qane edib-etmədiyini soruşsanız, yəqin ki mənfi cavab alacaqsınız. Çünki həyata keçirməyi nəzərdə tutduğumuz layihələr çox böyük maliyyə vəsaiti tələb edir. Amma keçən illə müqayisədə bəzi sahələrə ayrılan vəsaitin həcmi artıb ki, bu da bizə uğurlu layihələrin həyata keçirilməsinə imkan verəcək.
- Bu gün tanınan mədəniyyət xadimlərinin bir çoxları mədəniyyət sahəsinə ayrılan diqqətdən, o cümlədən fəxri adların verilməsindən narazıdırlar. Nazir olaraq Siz bu narazılıqları haqlı sayırsınızmı? Ümumiyyətlə, fəxri adlar verilməlidirmi?
- Mənim fikrimcə, müasir dünyada fəxri adların verilməsi məsələsi tədricən aradan qalxmalıdır. Biz fəxri adlara layiq görülmüş bütün insanlara hörmətlə yanaşmalıyıq. Amma bu o demək deyil ki, fəxri adlara layiq görülməmiş incəsənət xadimlərinə biganə yanaşıb, onları ikinci dərəcəli adamlar hesab etməliyik. Bu tamamilə yanlış münasibət olardı. Hər bir incəsənət xadiminin mədəniyyətin inkişafına öz töhfəsi var, özünə münasib yeri var. Fəxri adların verilməsi ilə bağlı qərar dövlət başçısına məxsus olur, onun qərarı hər hansı mədəniyyət işçisində şübhə oyatmamalıdır. Bu gün kiməsə fəxri ad verilməyibsə, bundan faciə düzəltmək lazım deyil. Azərbaycan dövləti və mənim üçün bütün mədəniyyət xadimləri eyni bərabər hüquqlara malik insanlardır.
- Fərhad Bədəlbəyli, Arif Məlikov, Habil Əliyev APA-ya verdikləri açıqlamalarda mədəniyyət sahəsinə, xüsusilə peşəkar gənclərə, simfonik və klassik musiqiyə ayrılan diqqətdən narazılıqlarını bildiriblər. Onların fikri ilə razısınız?
- Xeyr, razı deyiləm. Günah onların özlərindədir. Biz bütün ictimai təşkilatların maraqlı təkliflərini dəstəkləyirik, gənc yaradıcı insanlar üçün xüsusi mükafatları təsis etmişik. Gənclərin əsərlərini Dövlət Simfonik Orkestrinə çaldırırıq, onları proqrama daxil edirik, yaradıcılıq gecələri keçiririk. Biz bundan artıq nə etməliyik? İndiyə qədər olmayan bir iş etmişik, ancaq bu gün istedadlı gəncləri xarici ölkələrə təcrübəyə göndəririk. Gənc bəstəkarlar əsərlər yazır, əgər əsərlər həqiqətən də yaxşıdırsa, biz onları dövlət tərəfindən həm də alırıq. Bu narazılığın konkret bir ifadəsi olmalıdır. Kimsə mənim ona salam verməməyimdən narazıdırsa, üzr istəyirəm. Kimsə hansısa münsiflər heyətinin qərarı ilə razılaşmırsa, onlara bildirməliyəm ki, bu, münsiflər heyətindən və əsərlərdən asılıdır. Ona görə mən heç kimdən üzr istəməli deyiləm. Kim istedadını nümayiş etdirməyə hazırdırsa, onun üçün bütün qapılar açıqdır.
- Gələn il üçün kino sahəsində islahatlar nəzərdə tutulubmu?
- Dövlət Film Fondunun yeni binasının tikilməsi ilə bağlı layihə təsdiqlənib və bu işə artıq başlamışıq. Dövlət Film Fondunun fəaliyyətində çoxlu islahatlar olacaq, bura filmlərin qəbiristanlığı deyil, filmləri yaşadan, filmlərlə işləyən, filmlərə yeni həyat verən, həm də bir elmi-metodik mərkəz kimi fəaliyyət göstərməlidir. Bunun üçün lazımi şərait yaradılıb. Biz Azərbaycan kinematoqrafçılarına aid olan bütün filmotekanı Azərbaycanda toplamaq niyyətindəyik. Bundan başqa Nizami kinoteatrının müasir festival mərkəzinə çevrilməsi üçün işlər görülür. Piratçılıqla mübarizə üçün xüsusi layihənin həyata keçirilməsi planlaşdırılır. Bizim nəzərdə tutduğumuz filmlərin çəkilişləri davam etdirilir. Mən böyük adları, tanınmış rejissor və aktyorları Azərbaycan filmlərinin çəkilişimə cəlb edib, beynəlxalq standartlara cavab verən filmlərlə dünya arenasına çıxmaq barədə düşünürəm. Kino yayımı sahəsində bu gün özəlləşdirmə gedir, bu da kinonun gəlirli biznes sahəsinə çevrilməsinə şərait yaradır. Nazirlik hansısa kommersiya proqramında iştirak etməməlidir, bunu ayrı-ayrı fərdlər etməlidir, bizim vəzifəmiz onlara şərait yaratmaqdır.
- Müasir Azərbaycan musiqisinin və sənətçilərinin dünya arenasına çıxa bilməməsinin kökündə hansı səbəblər dayanır?
- Azərbaycan musiqisi muğam və klassik musiqinin sütunları üzərində qurulub. Bu gün Üzeyir Hacıbəyovun “Arşın mal alan” operası Vyanada səhnəyə qoyulub. Azərbaycanın klassik musiqisi bütün dünyada səslənir. Kanada Motsarta həsr olunmuş beynəlxalq festival Üzeyir Hacıbəyovun musiqisi ilə başlanıb. Bu gün Azərbaycan Kamera və Simfonik Orkestrləri Avropanın bütün ölkələrində, Avstriya, Fransa, Almaniyada beynəlxalq müsabiqə və festivallarda çıxış edir. Azərbaycan muğamı YUNESKO tərəfindən daşınmaz irsin siyahısındadır. Bununla bağlı ölkənin birinci xanımı Mehriban Əliyevanın həyata keçirdiyi işlər də hamıya məlumdur. Amma söhbət müasir musiqi və ya gənc estrada müğənnilərinin xarici ölkələrdə tanınmasından gedirsə, biz bütün maliyyə vəsaitini buna xərcləyə bilmərik. Müasir musiqinin beynəlxalq səviyyəyə çıxması üçün nazirlik yeni layihələr hazırlayır. Artıq bir neçə layihə dəstəklənib, bir neçə müsabiqə elan olunub.
- Azərbaycanda xüsusi mədəniyyət telekanılının açılması barədə təkliflər səslənir. Siz buna ehtiyac duyursunuz?
- Bu gün Azərbaycanda Rusiyada fəaliyyət göstərən kimi mədəniyyət kanalının olması o qədər də vacib deyil, çünki bizdə o qədər material da yoxdur. Biz bütün telekanalların rəhbərləri ilə Azərbaycan mədəniyyəti və mənəviyyatın qorunması naminə saziş imzalamışıq. Bu sazişə uyğun olaraq bütün telekanllar bizimlə əməkdaşlıq edir, artıq ilkin layihələr də efirə çıxır.
- Sizin fikrinizcə, mədəniyyət telekanalının açılması Azərbaycanda nə vaxta reallaşa bilər?
- İki-üç ilə. Ondan tez bu layihənin gerçəkləşməsi mümkün deyil.
- Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılan mədəni və irsi abidələrin siyahısının hazırlanması prosesi və beynəlxalq təşkilatların işğal olunmuş ərazilərdə monitorinq keçirməsi məsələsi nə yerdədir?
- Monitorinqin keçirilməsi ilə bağlı məsələ artıq Avropa Şurası tərəfindən gerçəkləşməkdədir. Son səfərimdə bununla bağlı müzakirələr aparmışdıq. Gələn ilin birinci yarısında monitorinq qrupunun bütün Qafqaz ölkələrinə səfər etməsi planlaşdırılır. Onların heç bir ayrı-seçkilik olmadan lazımi tədqiqatlar aparacağına ümid edirəm. Siyahı Azərbaycanın müvafiq dövlət orqanları tərəfindən beynəlxalq təşkilatlara təqdim olunub. Amma Avropa Şurası və ya başqa beynəlxalq qurumdan kiminsə gəlib, bizim memarlıq abidələrimizə ürək yandırmasını gözləmirik. Həmin abidələrlə bağlı üç dilə tərcümə olunmuş kitab yaxın vaxtlarda nəşr olunacaq. Bu kitabın internet versiyası da olacaq. Bundan başqa, Avropa Şurasının Cənubi Qafqaz ölkələrində mədəni irsin qorunması ilə bağlı proqramı qəbul olunub, yəqin ki gələn ildən həmin proqramın reallaşmasına başlanılacaq. YUNESKO bu məsələlərlə ciddi maraqlanır.
- Azərbaycanın tarixi abidələrinin YUNESKO-nun siyahısına salınması məsələsi ilə bağlı görülən işlərin vəziyyəti nə yerdədir? Qobustan qayaüstü rəsmlərinin YUNESKO-nun siyahısına salınmasında problemlər yaranması barədə məlumatlar nə qədər düzgündür?
- Bu proses bir qədər uzundur. Belə ki, Azərbaycana müxtəlif komissiyalar gəlir, yoxlamaları keçirilir, tədqiqatlar aparılır. Sonuncu missiya Norveçdən gəlmişdi, onların fikrincə, Qobustan tədqiq və müzakirə olunmaldır. Qobustanla bağlı problem yoxdur, sadəcə məsələ bir ilə də, iki ilə də həll oluna bilər. YUNESKO bu gün bütün abidələri siyahısına daxil edə bilməz. Mənim Qobustanla bağlı heç bir narahatçılığım yoxdur. Çünki biz onu çox ciddi nəzarət altında saxlamışıq. Eyni zamanda İçərişəhərlə bağlı cənab prezindentin son zamanlar imzalağı fərmanlar onun ciddi dövlət nəzarəti altında olmasına əyani sübutdur. Müəyyən yenidənqurmalar yalnız müvafiq qurumların razılığından sonra həyata keçirilməlidir. Artıq gələn ilin fevral ayının sonu mart ayının əvvəlində Dünya Bankı ilə birgə İçərşəhərin idarəetməsi ilə bağlı master-plan təqdim olunacaq və bütün mütəxəssislər burada iştirak edəcək.
- Niyə Mədəniyyət və Turizm Nazilrliyinin veb-saytı yoxdur?
- Mədəniyyət və Turizm Nazirliyinin veb-saytı var, ancaq köhnədir. Biz indi yenidənqurma işləri aparırıq. Bizim turizmlə bağlı da ayrıca saytımız var. Biz bu saytların hamısının bir mərkəzdən idarə olunmuş qaydada yenidən qurulması ilə məşğuluq.
- Bu il dekabrın 28-də xalq artisti Zeynəb Xanlarovanın 70 yaşı tamam olur. Onun 70 illik yubileyinin keçirilməsi gözlənilirmi?
- Zeynəb Xanlarovanın yubileyi bayramlar ərəfəsinə düşdüyü üçün gələn il qeyd olunacaq. Biz onun özündən də təşəbbüs gözləyirik. Zeynəb Xanlarova Azərbaycanın mədəniyyəti üçün çox dəyərli bir şəxsdir, ona şəxsiyyət kimi böyük hörmətim var.
- Gələn il üçün mədəniyyət sahəsində hansı yeni qanunların qəbulu gözlənilir?
- “Teatr haqqında” qanunun qəbulu gözlənilir. Ondan sonra biz tədricən mədəniyyətlə bağlı digər qanunlarda labüd dəyişikliklər haqqında məsələ qaldıracağıq. Çünki artıq 1998-99-cu illərdə qəbul olunmuş qanunlarda bugünkü gerçəkliklər arasında ziddiyyət yaranıb. “Şou-biznes haqqında” qanunun da qəbulu yavaş-yavaş zərurətə çevrilir.
- Turizmlə bağlı dövlət proqramının hazırlanması hansı mərhələdədir və bu proqramda turizmin inkişafına güclü təkan verəcək hansı iri layihlər nəzərdə tutulub?
- Proqram artıq hazırlanıb və Nazirlər Kabinetində təqdim olunub, onlar sənədi rəy üçün müvafiq dövlət orqanlarına göndəriblər, bundan sonra yekun variant respublikanın rəhbərliyinə təqdim olunacaq. Proqram 2007-2016-cı illəri əhatə edir. Proqramda Azərbaycanda yeni turizm zonalarının formalaşması, xüsusilə dəniz kənarında, Xızı-Dəvəçi-Siyəzən zonasında, Lənkəran tərəfdə, Qusar-Qubada və sözsüz ki, Şəki-Zaqatala zonalarında böyük turist layihələrinin gerçəkləşdirilməsi nəzərdə tutulub. Nəzərdə tuturuq ki, tədricən sülh danışıqlarından nəticə əldə olunsa, mütləq Göygöl və Qarabağ zonasının inkişafı ilə bağlı da layihələr olacaq. Naxçıvanda artıq proqramın həyata keçirilməsinə başlanılıb. Dünya Bankı tərəfindən bir neçə abidə bərpa olunur, turist axını üçün əsas struktur genişlənməkdədir. Bu proqramda həm Naxçıvan, həm də Bakı şəhərində turizm üçün daha cəlbedici şəraitin yaradılmasına dair xüsusi tədbirlər nəzərdə tutulub.
- Bu gün Azərbaycanda bir çox hotellər tikilir. Yeni hotellərin tikilməsi ilə bağlı Azərbaycana hansısa beynəlxalq turist şirkətlərindən müraciət daxil olubmu?
- Biz bir sıra şirkətlərlə danışıqlar aparırıq, onlar Azərbaycanda hotellərin tikilməsində maraqlıdırlar. Mehmanxana qurulması ilə bağlı işlər sürətlə inkişaf edir və tikilir. Son iki ildə 61 mehmanxana və mehmanxana tipli turizm obyekti fəaliyyətə başlayıb. Hazırda respublikamızda 20 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilir. 2001-ci ildə mehmanxanalrın sayı 86 idisə, 2006-cı ildə 295 mehnmanxana fəaliyyət göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR