Sərdar Cəlaloğlu Rəsul Quliyevi ya Ali Məclisin iradəsini qəbul etməyə, ya da istefa verməyə çağırıb

Sərdar Cəlaloğlu Rəsul Quliyevi ya Ali Məclisin iradəsini qəbul etməyə, ya da istefa verməyə çağırıb
# 12 fevral 2007 15:50 (UTC +04:00)
“ADP-nin növbəti qurultayına qədər partiyanın rəhbərliyi funksiyasını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi həyata keçirir. Əgər bu müddətdə Təşkilat Komitəsinin səlahiyyət vermədiyi hər hansı şəxslər, yaxud qurumlar özlərini ADP kimi təqdim edərlərsə və hər hansı partiya, mətbuat orqanı həmin adamları ADP adı ilə qəbul edərsə, bu məsələ yalnız məhkəmə qaydası ilə həll olunacaq”. APA-nın məlumatına görə, bu sözləri ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qərar Təşkilat Komitəsinin bugünkü iclasında qəbul olunub və başqa partiyanın hansısa qrupu ADP kimi qəbul etməsi partiyanın işinə qarışmaq, işgüzar nüfuzuna zərbə vurmaq və pozucu fəaliyyət göstərmək demək olacaq. Ali Məclisin sədri Akif Şahbazovun partiya sıralarından qovulduğunu söyləyən S. Cəlaloğlu Ali Məclisin üzvləri Yaqub Abbasov və Zəminə Dünyamalıyevaya sonuncu xəbərdarlıq edildiyini, Nəsimi rayon təşkilatının buraxıldığını və Müsavat Partiyasına, “Bakı Xəbər” qəzetinin kollektivinə, Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin üzlərinə ADP daxilində apardıqları pozuculuq işlərinə son qoyulması ilə bağlı müraciət qəbul olunduğunu açıqlayıb: “İclasda sədrlə bağlı müzakirə keçirildi və səlahiyyət bölgüsü aparıldı. Bundan sonra Rəsul Quliyev partiyanı xaricdə, mən isə daxildə təmsil edəcəyəm”. S. Cəlaloğlu deyib ki, A. Şahbazov mətbuata onun yüksək rütbəli dövlət məmuru ilə görüşdüyünə dair yalan məlumat yayıb. O, indiyə kimi dialoq təşəbbüsü ilə bağlı yalnız bir dəfə görüş keçirildiyini qeyd edib: “Mənim göstərişim əsasında Yaqub Abbasov Siyavuş Novruzovla görüşüb. Bundan əlavə heç bir görüş olmayıb. Akif Şahbazovun belə açıqlama verməsinə səbəb mənimlə bağlı Rəsul Quliyevdə şübhə yaratmaq idi və buna nail olub”. S. Cəlaloğlu Ali Məclisin 80 üzvündən 59-nun Ali Məclisin iclasının yenidən keçirilməsinin əleyhinə olduğunu bildirərək bu barədə birgə bəyanat imzalandığını və Rəsul Quliyevə göndərildiyini söyləyib: “Rəsul Quliyev bildirmişdi ki, Ali Məclis bu qərarı yenidən qüvvədə saxlasa, ya onunla razılaşacaq, ya da istefa verəcək. İndi Ali Məclisin iradəsi ortadadır və dediyi iki addımdan birini atmalıdır”. S. Cəlaloğlu partiyada bütövlüyün qorunması naminə sədrliyə namizədliyini irəli sürməkdən imtina edə biləcəyini də vurğulayıb. Partiyanı “Azadlıq” blokunda kimin təmsil edəcəyi ilə bağlı sualı cavablandıran S. Cəlaloğlu bu səlahiyyətin ona məxsus olduğunu vurğulayıb: “Akif Şahbazov “Azadlıq” blokunun liderlərini parazit adlandırmışdı və o zaman blok məndən tələb etmişdi ki, onun haqqında sərt tədbir görüm. Bu təhqirlərdən sonra “Azadlıq” bloku liderlərinin Akif Şahbazovla bir masa arxasında əyləşməsi nonsens olar”. S. Cəlaloğlu hələlik bu mövzuda blok liderləri ilə hər hansı müzakirənin aparılmadığını qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR