Allahşükür Paşazadə: “İnancına görə kiminsə saqqalını qırxmaq düzgün deyil”

Allahşükür Paşazadə: “İnancına görə kiminsə saqqalını qırxmaq düzgün deyil”
# 12 fevral 2007 17:01 (UTC +04:00)
“İnancına görə kiminsə saqqalını qırxmaq düzgün deyil. Hər bir insanın vicdan azadlığı hüququ var. İnsanlara görkəminə görə qiymət vermək olmaz”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, missionerlik fəaliyyətinin qarşısı qanun çərçivəsində alınmalıdır: “Bu məsələdə xalqımız da öz dəstəyini verməlidir. Bir də görürsən hansısa ölkədən missionerlər gəlib uzun müddət burada fəaliyyət göstərirlər”. QMİ sədri deyib ki, ölkəyə daxil olan şəxslərə viza verilərkən onların hansı ünvana və hansı məqsədlə getdiyi bilinməlidir. A. Paşazadə qeydiyyatdan keçən dini icma və məscidlərin evlərdə fəaliyyət göstərməsindən narahatlıq keçirdiyini vurğulayıb: “Mən bir müddət əvvəl demişdim ki, dini icma və ya məscidləri evlərdə qeydiyyatdan keçirmək olmaz. Bir neçə gün əvvəl Azərbaycanın şimal-qərb bölgəsinə səfər etmişdim. Orada gördüm ki, bu məsələ bizim üçün bəzi çətinliklər yaradır. Həmin bölgədə bu tipli icmalar var və onları evlərdən çıxartmaq lazımdır. Qanunvericilikdə olan boşluq da bu məsələdə problem yaradır. Məncə bu insanlarla görüşüb danışmağa ehtiyac var”. Şeyxülislam şimal-qərb rayonlarında vəhabilikdə ittiham olunan insanların bəziləri ilə görüşdüyünü də açıqlayıb: “Mənim görüşdüyüm adamlar vəhabi olmadıqlarını bildirdilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR