Sərdar Cəlaloğlu: “Müsavat Rəsul Quliyevlə əməkdaşlıq edə bilər və mən bunu qadağan edə bilmərəm”

Sərdar Cəlaloğlu: “Müsavat Rəsul Quliyevlə əməkdaşlıq edə bilər və mən bunu qadağan edə bilmərəm”
# 05 mart 2007 13:45 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun Müsavat Partiyasının başqanı İsa Qəmbərlə ötən həftə keçirdiyi görüşdə partiyalar arasında əməkdaşlığın baş tutması istiqamətində müzakirələr aparıblar. Bu barədə APA-ya ADP-dəki mənbələrdən məlumat daxil olub. Görüşdə yaxın gələcəkdə partiyalar arasında əməkdaşlığın qurulması ilə bağlı müəyyən razılaşmaların əldə olduğu da bildirilib. S. Cəlaloğlu APA-ya açıqlamasında İ. Qəmbərlə görüşdə müzakirə etdiyi məsələlərlə bağlı mətbuata açıqlama vermək istəmədiyini bildirib və görüş haqqında vaxtından əvvəl məlumatlar verməyi lazım hesab etmədiyini vurğulayıb: “Konkret bir razılıq olsa, bununla bağlı rəsmi məlumat yayacağıq. Mən indidən heç nə danışmaq istəmirəm, müəyyən bir nəticə əldə olunandan sonra bu barədə məlumat vermək olar”. Müsavatla əməkdaşlığa “Azadlıq” blokunun necə münasibət bəsləyəcəyinə gəldikdə, S. Cəlaloğlu bildirib ki, blokun qəbul etdiyi qərarlarda lazım gələrsə, digər partiyalarla da əməkdaşlığın mümkünlüyü qeyd olunub: “Bu qərara uyğun olaraq biz Müsavatla yalnız ümumi razılıq əsasında əməkdaşlıq edə bilərik. Bu addımlarda mən “Azadlıq” blokunun Əsasnaməsini rəhbər tuturam”. S. Cəlaloğlu Müsavatın Rəsul Quliyevlə əməkdaşlıq edəcəyi ilə bağlı məlumatlara da münasibət bildirərək, bu məsələdə problem görmədiyini deyib: “Onlar Rəsul Quliyevlə də əməkdaşlıq edə bilərlər və mən bunu qadağan edə bilmərəm. Kimsə Rəsul Quliyevlə əməkdaşlıq edəcəksə, biz buna normal yanaşacağıq və müdaxilə etməyəcəyik”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında indiki mərhələdə ADP ilə əməkdaşlığın real olmadığını qeyd edib. Onun sözlərinə görə, Müsavat ümummilli məsələlərdə istənilən partiya ilə əməkdaşlıq edə bilər: “Amma konkret olaraq ADP ilə əməkdaşlıqda müəyyən problemlər var. Çünki bu partiyanın özündə tam aydınlıq yoxdur, iki qanad mövcuddur, iki Təşkilat Komitəsi var və heç bir tərəf qurultay keçirməyib. ADP ilə əməkdaşlıq məsələsi yalnız qurultaylardan sonra və ADP öz daxilində məsələlərə aydınlıq gətirildikdən sonra real olacaq”. A.Hacılı İ.Qəmbərlə S.Cəlaloğlu arasında keçirilən görüşlə bağlı açıqlama vermək istəmədiyini bildirib: “Tərəflər özləri məlumat versələr, daha yaxşı olar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR