Deputat: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri ya Türkiyə, ya da Pakistan olmalıdır”

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 30 sentyabr 2021 15:38 (UTC +04:00)

“Türkiyənin Azərbaycanın yanında olması qələbəmizdə öz müsbət rolunu oynadı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ayrı-ayrı dövlətlər bizim əldə etdiyimiz qələbəni həzm edə bilmir: “Azərbaycana qarşı təhdid və təzyiqlərini davam etdirirlər. Bizi təhdid edənlər arasında İran xüsusilə fərqlənir. İran beynəlxalq hüquq normalarını kobudcasına pozaraq bizim ərazimizdən keçərək erməni tör-töküntülərinə yardımlar etməyə davam edir. Azərbaycan sərhədinin yaxınlığında bizə əzələ nümayiş etdirirlər. Azərbaycan İrana qarşı ən çətin anlarda öz dost dəstəyini nümayiş etdirib. ABŞ tərəfindən İrana qarşı Azərbaycan ərazisindən təzyiq göstərilməsinə Azərbaycan Prezidenti hər zaman qarşı olub. İranın fəaliyyəti bu gün islami dəyərlərə sığmır. İran bu əməllərindən əl çəkməli, Azərbaycanla münasibətlərinə ciddi korrektələr etməlidir. Azərbaycanın hansısa dövlətdən çəkinəcəyi hal yoxdur. Azərbaycan bu təhdidlərə cavab vermək əzmindədir”.

Deputat Sahib Alıyev isə qeyd edib ki, indiki dövrün savaşı hibrid savaş olmaqla yanaşı, xüsusi təyinatlıların savaşıdır: “Biz artıq iki dövlət, bir ordu şəklində davam edirik. Bu təlimlər İranın əleyhinə yönəlməyib. Prezident İlham Əliyevin İranın Azərbaycan sərhədində keçirdiyi təlimlərlə bağlı fikrini yüksək qiymətləndirirəm”.

Deputat Elman Nəsirov bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: “Xüsusi təyinatlılar arasında münasibətlərin inkişafı ordunun inkişaf etdirilməsi mənafeyinə xidmət göstərir. Türkiyə artıq çox ciddi aktordur. Bunu bütün dünya da qəbul etməkdədir. Faktiki olaraq koma vəziyyətində olan ATƏT-in Minsk Qrupuna yenidən can vermək istəyənlər var. Bu reallıq fonunda ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasını necə izah etmək olar? Türkiyə tənzimləmə prosesində iştirak etməlidir. Tənzimləmə prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Türkiyə olmalıdır. Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır”.

Deputat bildirib ki, Türkiyə variantı alınmayacağı təqdirdə, Pakistanın bu prosesə cəlb edilməsi çox faydalı olar: “Onsuz da bu məsələnin həlli ilə məşğul olan Rusiya, ABŞ nüvə dövlətidir. Bu işlə nüvə dövlətləri məşğul olursa, Pakistan da bu prosesə cəlb edilə bilər. Çünki Pakistan da nüvə dövlətidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR