Deputat: “Bu Amnistiya Aktı Prezidentin xalqa hədiyyəsidir”

Kamal Cəfərov

© APA | Kamal Cəfərov

# 05 noyabr 2021 13:51 (UTC +04:00)

“Tariximizin ən böyük amnistiya aktı cəmiyyətdə, respublikada böyük sevincə, şadyanalığa səbəb olub. Çünki qarşıdan gələn 8 noyabr - Zəfər Gününü minlərlə insan evində, ailəsi ilə birgə qeyd edə biləcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat Amnistiya Aktı ilə bağlı bir neçə məsələyə aydınlıq gətirib: “Layihə həm Birinci Qarabağ müharibəsi, həm İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz hadisələri, ümumilikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslərə, medal və ordenlə təltif olunanlara, müharibədə şəhid olmuş şəxslərin yaxın qohumlarına şamil edilir.

Amnistiya yalnız həbsdən azad etməni deyil, həm də cəzanın müddətinin azaldılmasını ehtiva edir. Belə ki, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş şəxslərin cəzası 6 ay azaldılacaq. Bu maddənin 3 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Böyük ictimai təhlükə törətməyən şəxslər üçün 1 il, az ağır cinayət törətmiş şəxslərin isə həbsdən çıxdıqdan sonra üzərlərində 2 il məhkumluğu olur. Bu amnistiya ilə azadlığa çıxan şəxslərin üzərindən məhkumluq da götürüləcək.

Elə hallar var ki, bəzi şəxslər barəsində amnistiya aktında göstərilən maddələr üzrə hökm olmasa da, prokurorluq orqanlarında istintaq aparılır və ya məhkəmə icraatı olur.

Bu amnistiya ilə prokurorluq orqanları həmin şəxslər barəsində cinayət təqibi başlamayacaqlar, başlayıbsa da, xitam verəcəklər, eyni zamanda məhkəmələr həmin şəxsləri cəzadan azad etməklə ittiham hökmü çıxaracaq”.

Deputat amnistiya tətbiqinə məhdudiyyətlərlə bağlı qeyd edib ki, korrupsiya cinayətləri, vəzifə səlahiyyətlərdən sui-istifadə, dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət vermə və digər cinayətlər bu amnistiyanın əhatə dairəsinə daxil deyil: “Yekunda isə qeyd etməliyəm ki, bu amnistiya vətənimizin ərazi bütövlüyü ilə bağlı hər hansısa formada zərər görən bütün şəxslərə şamil edilir. Ona görə də həm əhatə dairəsinə, həm də mahiyyətinə görə qarşıdan gələn Zəfər gününə layiq bir aktdır, Prezidentin xalqa hədiyyəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR