Deputat: “Cəmiyyət “Karabakh.Center”in işinə töhfə verməlidir”

Fatma Yıldırım

© APA | Fatma Yıldırım

# 30 iyun 2021 11:53 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusudur”.

APA-nın xəbərinə görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində deputat, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev bütün bu vacib məqamları nəzərə alaraq Qarabağ Dirçəliş Fondunun yaradılması barədə Fərman imzalayıb: “Biz artıq Fondun fəaliyyətinin gerçək nəticələrini görməkdəyik. İnformasiya müharibəsinin hələ də davam etdiyi bir dövrdə Mehriban Əliyevanın təşəbbüsü ilə bu portalın yaradılması mühüm əhəmiyyət kəsb edir. Digər vacib məqam ondan ibarətdir ki, cəmiyyət, hər bir şəxs portalın işinə öz töhfəsini verməlidir. Nə qədər fəal iş aparsaq, dünya birliyi bu barədə məlumatlı olacaq. Təbliğat işində xaricdəki diaspor nümayəndələrimiz də yaxından iştirak etməlidir. Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında abidələr, evlər darmadağın edilib. Postmünaqişə dövründə bərpa işləri böyük maliyyə resursları tələb edən prosesdir. Bu mərhələdə iqtisadi güclərin birləşməsi vacibdir. Dövlətin maliyyə və iqtisadi resursları sərhədsiz deyil, müxtəlif özəl təsisatların bu prosesə cəlb edilməsi prosesin daha tez yekunlaşmasına səbəb ola bilər. Bütün vətəndaşlarımız könüllülük və bərabərhüquqlu şəkildə bu prosesdə iştirak edə bilər”.

F. Yıldırımın sözlərinə görə, Fondun yaradılması bir daha onu göstərdi ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi torpaqları təkcə azad etmək yox, həm də bərpa etməkdir: “İşğaldan azad edilmiş rayonlar ölkənin əsas bölgələrindən birinə çevriləcək. Hazırda keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqları günü gözləyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR