Deputat: “Laçının işğalı böyük faciə idisə, bir güllə atılmadan qaytarılması tarixi hadisədir”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 01 dekabr 2021 12:00 (UTC +04:00)

“Şuşa bizim hərb tariximizin ən böyük Zəfəridirsə, bir güllə atmadan Laçının qaytarılması dövlətçiliyimizin siyasi-hərbi tarixinin parlaq qələbəsidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
M. İbrahimqızı deyib ki, Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi: “Çünki Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü və bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı”.
Deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən savaşda düşməni məğlub edib, düşmən kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalıb. Beləliklə, döyüş meydanında əldə edilmiş parlaq qələbə nəticəsində bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın bizə qaytarılıb: “Laçın rayonu Azərbaycanın ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Prezident İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı 2020-ci il dekabrın 1-də xalqa müraciətində qeyd etdiyi kimi, ərazisinin 22 min hektarı meşə sahəsi olan, Həkəri çayının mənbəyinin yerləşdiyi Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir, Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaq. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayıb, indi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Dövlət başçısının da vurğuladığı kimi, əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaq”.
M. İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev keçən il xalqa müraciətində bir həssas məqama da aydınlıq gətirib: “Üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Laçın dəhlizi Laçın şəhərinin içindən keçir və beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Dövlət başçısı müraciətində nəzərə çatdırdı ki, Rusiya Prezidenti ilə söhbətlər əsnasında bildirib ki, Laçın şəhəri də bizə qayıtmalıdır, ona görə təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq dövlət başçısı bizim bunu daha tez müddətdə edə biləcəyimi bəyan etmişdi. Beləlikə, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”.
Deputat xatırladıb ki, 30 ilə yaxın aparılan danışıqlar zamanı Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunub. Ermənistan hesab edib ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir və əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib: “Bunun nəticəsidir ki, işğal dövründə Ermənistan Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparıb. Azərbaycanın, Prezident İlham Əliyevin isə mövqeyi bu məsələdə birmənalı olub, hər zaman bəyan edilib ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Azərbaycanın Zəfəri isə bu məsələyə nöqtə qoydu və artıq regionda yeni reallıq yaranıb”.
M. İbrahimqızı nəzərə çatdırıb ki, hazırda Laçın şəhərinin Baş planı hazırlanır: “Laçında beynəlxalq hava limanının tikintisinə start verilməsilə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən hava limanlarının sayı üçə çatacaq. Laçında hava limanının inşası isə Azərbaycanın diplomatik gücünün və iqtisadi qüdrətinin növbəti təcəssümü olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR