Deputat: "Şuşanın kimə məxsus olduğunu həm də bu gün baş verənlər aydın şəkildə ortaya qoyur"

Deputat Soltan Məmmədov

© APA | Deputat Soltan Məmmədov

# 31 avqust 2021 17:34 (UTC +04:00)

“Şuşa Azərbaycan tarixində xüsusi yeri olan, Azərbaycan xalqı üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan bir şəhərdir. İşğaldan azad olunduqdan sonra Şuşada həyata keçirilən böyük quruculuq işləri bunu bir daha təsdiqləyir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında vurğuladığı məqamlar bu şəhərin hər bir azərbaycanlı üçün nə qədər dərin mənəvi əhəmiyyətə malik olduğunu göstərir.

S.Məmmədov bildirib ki, Şuşanın işğaldan azad olunması Vətən müharibəsində Azərbaycanın parlaq zəfərini tamamlayan tarixi hadisədir. Bu qələbə Azərbaycan Prezidentinin praqmatik siyasətinin, dövlət-xalq birliyinin, Azərbaycan hərbçilərinin şücaətinin məntiqi nəticəsidir: “İndi dünyanın bir çox hərbi analitikləri, beyin mərkəzləri bu qələbəni təhlil edir, onu şərtləndirən bütün amilləri, o cümlədən hərbi, siyasi, iqtisadi parametrlərini analiz etməyə çalışırlar. Şübhəsiz ki, bu məqamların hər birinin qələbədə ciddi rolu var. Eyni zamanda, Azərbaycan xalqının birliyi, əzmi, Azərbaycan dövlətinin düşünülmüş, bütün detalları nəzərə alan strategiyası bizi qələbəyə yaxınlaşdıran əsas amillər oldu”.

Millət vəkili vurğulayıb ki, 30 ilə yaxın bir müddət ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli üçün heç bir real zəmin yarada bilmədi. Əksinə, bəzi situasiyalarda Azərbaycandan mümkün olandan daha artıq güzəşt qoparmaq təşəbbüsləri ortaya çıxdı: “Düşünürəm ki, artıq tarixə qovuşmuş bu münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən bəzi siyasi dairələr reallıqları, regionda gedən prosesləri, Azərbaycanın hərbi və iqtisadi imkanlarını düzgün hesablaya bilməmişdilər. Bir çoxları Azərbaycanın öz torpaqlarını azad etmək imkanlarına, əzminə, iradəsinə şübhə ilə yanaşırdılar. Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağı Azərbaycanın gücünə şübhə ilə yanaşanlara ən sanballı cavabdır”.

S.Məmmədov qısa müddət ərzində Şuşada elektrik enerjisi və su təchizatının qaydaya salındığını, məscidlərin, tarixi abidələrin bərpası istiqamətində önəmli addımların atıldığını xatırladaraq bildirib ki, yeni inşasına başlanan yaşayış məhəllələri bu şəhərin əslində kimə məxsus olduğunu bir daha nümayiş etdirir. Deputat 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə şəhərin böyük bir hissəsinin məhv edildiyini, tarixi simasının dəyişdirilməsinə cəhdlər olunduğunu qeyd edib: “Bu gün Şuşanın kimə məxsus olduğunu təkcə tarixi faktlar təsdiq etmir, həm də bu gün baş verənlər bunu tam aydın bir şəkildə ortaya qoyur. Bu suala cavab vermək üçün sadəcə şəhərdə işğal dövründə və bu gün baş verənləri müqayisə etmək kifayətdir. Bu dəyişikliyi, aparılan genişmiqyaslı quruculuq işlərinin nəticələrini işğaldan azad olunmuş bütün ərazilərdə müşahidə etmək mümkündür. Hesab edirəm ki, Azərbaycanla Ermənistanı fərqləndirən əsas amillərdən biri də elə budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR