Millət vəkili: “Ermənistan itkin düşmüş, girov və əsir götürülmüş hər bir azərbaycanlının taleyinə aydınlıq gətirməlidir”

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 27 avqust 2021 14:53 (UTC +04:00)

“Ermənistan itkin düşmüş, girov və əsir götürülmüş hər bir azərbaycanlının taleyinə aydınlıq gətirməli, onları geri qaytarmalıdır. Gec-tez bu cinayətlərdə əli olanların hamısı Azərbaycan dövləti tərəfindən mühakimə ediləcək”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır: “Xocalı soyqırımı zamanı da mindən artıq azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. İtkin düşmüş vətəndaşlarımızın əksər hallarda işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq, azadlıq və toxunulmazlıq, o cümlədən yaşamaq hüquqları pozulub. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.

Millət vəkili qeyd edib ki, hər il avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur: “Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunub. Ancaq Ermənistan tərəfi nümayişkaranə surətdə itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bundan boyun qaçırır”.

M. İbrahimqızı qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir. Eyni zamanda Azərbaycan itkin düşmüş və girov götürülmüş soydaşlarımızla bağlı məsələni daim beynəlxalq səviyyədə qaldırır: “Bu aspektdə bir məqama da qeyd etmək istəyirəm. Prezident İlham Əliyevin avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında da qeyd etdiyi kimi, təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb. Bu məsələdə də Azərbaycan humanistlik göstərir. Baxmayaraq ki, ermənilər Birinci Qarabağ müharibəsindən sonra bizim 3 890 nəfər itkin düşmüş insanımız haqqında heç bir məlumat vermədilər, ölənlərin nəşini bizə qaytarmadılar, ancaq biz yenə də humanizm prinsiplərini rəhbər tuturuq. Ermənistan yaddan çıxarmasın ki, heç kim və heç nə unudulmur, bu insanlara, onların başına gətirilənlərə görə cavab verməlidir və verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR