MM-in növbədənkənar sessiyasında 4 komitədə müzakirəyə çıxarılacaq məsələlər açıqlanıb

MM-in növbədənkənar sessiyasında 4 komitədə müzakirəyə çıxarılacaq məsələlər açıqlanıb

© APA | Milli Məclis

# 29 may 2021 14:36 (UTC +04:00)

“Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, parlament üzvlərinin imzası ilə belə bir müraciət edilib: “İnsan hüquqları komitəsinin qarşıdakı bir ay üzrə planı işlərini davam etdirməkdir. Çünki bu sessiya üçün müəyyənləşdirilmiş tədbirlərimiz hələ ki, nəzərdə tutulduğu zamanda reallaşdırıla bilinməyib. Həm hüquq-mühafizə orqanları, məhkəmə sisteminin rəhbərliyi ilə görüşlər, o cümlədən insan hüquqları üzrə ixtisaslaşmış bir neçə qrumlarla görüşlər reallaşdırılmayıb. Bu görüşlərin hər biri də müxtəlif formalı müzakirələri nəzərdə tutur, mövzular öncədən müəyyənləşib. Bu ətrafda irəli gələn hər hansı qanun layihələri olacaqsa, yaxud gələcək üçün başqa xarakterli dinləmələr zəruri olacaqsa, biz bunları həmin görüşlərin nəticəsi olaraq gündəmə gətirəcəyik. Komitə üzvləri bu barədə məlumatlıdırlar. Biz sessiyasının əvvəlində təqdim etdiyimiz həmin plan üzrə işləri davam etdirəcəyik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili APA-ya bildirib ki, növbədənkənar sessiyada komitədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi (ikinci oxunuş), “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi (üçüncü oxunuş) və digər layihələr müzakirəyə çıxarılacaq.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında deyib ki, növbədənkənar sessiyada komitədə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Aqrar komitənin sədri Tahir Rzayev APA-ya bildirib ki, növbədənkənar sessiyada aqrar sahə ilə bağlı hər hansı qanunun müzakirəsi nəzərdə tutulmayıb: "Sessiyanın gedişində aqrar sahə ilə bağlı hər hansı qanun layihəsi daxil olarsa, müzakirə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR