MM komitə sədri: “Azərbaycanlı əsir və girovları vəhşiliklə öldürən Ermənistan cinayətlərinin ortaya çıxmaması üçün əməkdaşlıqdan boyun qaçırır”

Ziyafət Əsgərov

© APA | Ziyafət Əsgərov

# 27 avqust 2021 12:16 (UTC +04:00)

“Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ərəfəsində bu acı reallıqla qarşı qarşıyayıq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə verilməyib: “Ermənistan tərəfi əsir və girovları antitürk, antiazərbaycan ideoloji-təbliğat vasitəsinə çevirib, nifrət hissinin artırılması məqsədilə onları mülki əhalinin ixtiyarına verərək meydanlarda nümayişkaranə şəkildə alçaldıb və təhqir edib, əsir və girovlar təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilib. Onlar müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməyə məcbur edilib. Əsir və girovlardan qul kimi istifadə olunub, işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə vandalizm aktlarında istifadə edilib və zərərli istehsal sahələrində işlədilib. Əsir və girov götürülmüş şəxslərdən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunması və Azərbaycanda terror-təxribat aktlarının törədilməsinə məcbur edilməsi faktları da məlumdur. Əsir və girovların biri-birinin əleyhinə ifadələr verməyə məcbur edilməsi, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur edilməsi, yaşına və cinsinə məhəl qoyulmadan onlara dəhşətli işgəncələr verilməsi və qeyri-insani şəraitdə saxlanılması, əsir və girovların Ermənistanda ağır cinayətlər törətmiş erməni əsilli şəxslərlə birlikdə həbsxanalarda saxlanılması, Cenevrə Konvensiyalarının ziddinə olaraq müxtəlif məlumatların əldə olunması üçün dəhşətli işgəncələrin müşayiəti ilə qeyri-qanuni sorğu-suallara cəlb olunması, əsir və girovların müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilməsi, bədənlərinə cərəyan, şüalar verilməsi və tərkibi məlum olmayan maddələr yeridilməsi də məlumdur. Başqa sözlə, itkin düşmüş vətəndaşlarımızın əksər hallarda işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq, azadlıq və toxunulmazlıq və yaşamaq hüquqları pozulub. Eyni zamanda Ermənistan tərəfindən itkin düşmüş şəxslərin qohumları haqqında məlumat almaq hüququ da pozulur”.

Z. Əsgərov qeyd edib ki, Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıqda hər zaman boyun qaçırır: “Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmaması məqsədilə bu istiqamətdə əməkdaşlıq etmək istəmir. Lakin unudur ki, Azərbaycan xalqı və dövləti heç vaxt öz övladını, vətəndaşını unutmur, onun hüquqlarının qorunması, günahkarların məsuliyyətə cəlb edilməsi üçün lazımı addımları atır və atacaq”.

Parlamentin komitə sədri Ermənistanın azərbaycanlı əsir və girovlara münasibətdə törətdiyi cinayətlərin sərhəd tanımadığını vurğulayıb: “Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsində əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülüb, ya da yoxa çıxarılıb. Məsələn, 1998 və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən, hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan Ermənistan həmin 54 nəfərdən 17 nəfərini öldürərək, onların cəsədlərini qaytarıb, digərlərinin taleyi isə hələ də naməlumdur”.

Z. Əsgərov Ermənistan tərəfinin hətta əsir və girov götürülmüş yaxınını axtaran azərbaycanlıları belə girov götürməsi və ya öldürməsi faktlarının olduğunu nəzərə çatdırıb: “Bir faktı deyim. 1993-cü ilin fevral ayında Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan əsgəri Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaradıblar. Ermənilər onları Xaqani Quliyevin sağ olduğuna inandırıb, 25 min dollar qarşılığında onu azad edəcəklərini deyiblər. Yaxın qohumlarının köməyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya gedib. Lakin ermənilər Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu götürüb, qaçıblar. Baxın, budur erməni vəhşiliyinin xisləti. Onların əməlləri heç bir çərçivəyə sığmır”.

Z. Əsgərov beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsinin isə Xocalı soyqırımı olduğunu vurğulayıb: “Ermənilərin törətdiyi soyqırımı nəticəsində Xocalı şəhəri yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı 1275 azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 uşaq, 65 qadının taleyi hələ də naməlum olaraq qalır”.

Parlamentin komitə sədri deyib ki, hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur: “Bu kontekstdə Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, onlar haqqında məlumatlar toplayır. Azərbaycan beynəlxalq səviyyədə də itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən “Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında” adlı qətnamənin əsas təşəbbüskarıdır. Bütün bunlarla paralel ölkəmiz Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquq müstəvisində qiymətini alması üçün lazımı addımlar atır. Ermənistan unutmamalıdır ki, məsuliyyətdən qaça bilməyəcək, törətdiyi bütün cinayətlərə görə gec-tez cavab verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR