Qənirə Paşayeva: “Ağdamın gələcəyi də Azərbaycanın şanlı qələbə qazandığını göstərəcək”

Qənirə Paşayeva: “Ağdamın gələcəyi də Azərbaycanın şanlı qələbə qazandığını göstərəcək”
# 30 may 2021 17:09 (UTC +04:00)

“Bu ilin payızında dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizinsə 103 yaşı bu ay tamam oldu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, 28 may Respublika günündə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Ağdama səfər edib, bərpa ediləcək Ağdam şəhərinin təməl daşını qoyub: “Elə yalnız bu faktın özü bir hadisədir, bayrama bayram qatmaqdır! Ağdam 6 ay öncə azad olunub. Onillər ərzində qurulmuş və erməni işğalı dönəmində vandalca dağıdılmış bir şəhərin xarabalıqları üzərində yeni bir şəhər inşa etmək yetərincə çətin işdir. Özü də ağıllı şəhər, abad şəhər, yaşıl şəhər və planlı şəhər! Şəhərin baş planı da qısa müddətdə hazırlanıb. Bu hadisə özündə, siyasi iradə, mədəni səviyyə, iqtisadi güc və gələcəyə böyük baxış kimi amilləri birləşdirir. Bu amillərin hər hansı biri olmazdısa, 28 may günü Ağdamda təməlqoyma mərasimi də olmazdı”.

Parlamentin komitə sədri qeyd edib ki, işğaldan azad olunmuş bütün ərazilər müvafiq baş planlar əsasında bərpa olunacaq, yenidən qurulacaq: “Dövlətlər var, bir çoxkeçidli körpünü, bir şəhərciyi vaxtlı-vaxtında tikib-qurtara bilmir. Hələ müharibədən çıxmış ölkə üçün bu, o qədər də asan məsələ deyil. O da nəzərə alınmalıdır ki, biz, necə deyərlər, adi müharibə etməmişik, ağır işğala son vermişik. Özü də, düşmən yalnız cəbhədə deyil, hər yerdə dağıntıya, ölümə çalışır, şəhərlərimizi, müxtəlif infrastrukturları raket atəşinə tuturdu. Zəfərin ardınca azad olunmuş torpaqlarımız minalarla dolu, xarabazarlıq olaraq çıxdı qarşımıza. Ərazində müharibə getsin, şəhərlərin dağıdılsın, torpağın minalansın və bunun üzərindən 6 ay kimi qısa bir zaman keçəndən sonra quruculuğa başlayasan, bu, unikal işdir. Qarabağda infrastruktur quruculuğu işğalın həmən ardınca başlasa da, məhz Ağdamda şəhərin təməlinin atılması bir başqa hadisədir. Ağdam Ağdam olduğu gün separatizm və işğalçı tör-töküntülərin tabutuna son mismar vurulmuş olacaq. Prezident nəyi, nə zaman, harda və necə etmək lazım olduğunu Ağdamın bərpasına münasibətlə bir daha sübut etdi. Dövlət başçısı Ağdamın tanınmış şəxslərini Baş Planla tanış etdi, onların təkliflərinin də nəzərə alınacağını bildirdi. Bu, çox önəmli məqamdır. Ağdam şəhərinin yenidən qurulmasına 140 illik tarixə malik 1 saylı məktəbdən başlanması da rəmzi məna daşıyır. Bu, gələcək nəsillərə ismarıcdır. Bu, tarixə, irsə xüsusi qayğının ifadəsidir. Başqa sözlə, biz Ağdamın, Qarabağın gələcəyini təhsil, təlim-tərbiyə və elmlə sıx bağlılıqda görürük, Ağdamın, Qarabağın, ümumən ölkəmizin gələcəyini savadlı gənc nəsillərin etibarlı əllərinə təslim edirik. Nadir Çörək Muzeyi də öz qapılarını yenidən işçilərin, heyranların, mütəxəssislər və turistlərin üzünə açacaq. Qapı o qapı, muzey o muzey olmayacaq amma ruh eyni olacaq, qonaqpərvərlik, sənətpərvərlik, çörəyə, çörəkçiyə, alın tərinə sayğı, qayğı həminki olacaq. Ağdam ruhlar şəhəri deyil artıq, ruhdirçəldən şəhər olacaq”.

Q. Paşayeva Qarabağın “yaşıl enerji” zonası olacağını, bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası əsasında qurulacağını vurğulayıb: “Qarabağ başdan-başa erməni vandalizminin izlərini daşıyır. Ermənilərin törətdiyi insanlığa qarşı cinayətləri gələcək nəsillər də görməli, duymalı, bilməlidir. Yeni Ağdam şəhər muzeyində Xocalı soyqırımı, dinc sakinlərin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması, bizim suyumuzu içib, çörəyimizi yeyənlərin iç üzü sərgilənməli, dünya tərəfindən görülməlidir. Ermənistan həm indiki, həm gələcək nəsillər qarşısında cavab verməlidir. Ağdamın gələcəyi də bir daha Azərbaycan necə bir şanlı qələbə qazandığını göstərəcək. Bizim qələbə ümumbəşəri mahiyyət daşıyır. Faşizm yalnız bir xalqa qarşı yönəlmir. Talan, vandallıq, başqalarına xas və aid olanların sıradan çıxarılması, özünü ari xalq hesab etmək, başqalarına haqq-hüquq tanımamaq – bu faşizmin üzü, üzsüzlüyüdür və Ermənistanın timsalında onun başını biz əzmişik! Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Dövlət başçısının da bəyan etdiyi kimi, bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR