Regional təhlükəsizlik və sabitlik həm də İran daxilində təhlükəsizlik və sabitlik deməkdir - TƏHLİL

Regional təhlükəsizlik və sabitlik həm də İran daxilində təhlükəsizlik və sabitlik deməkdir - TƏHLİL
# 11 sentyabr 2021 19:02 (UTC +04:00)

Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibəsində qazandığı qələbəni bir çox dövlətlər və xalqlar hələ də həzm edə bilmir. Bu müharibə nəticəsində regionda haqq və ədalətin qalibiyyəti elan edilsə də, görünən odur ki, bəzi dövlətlər şərin və münaqişənin dayanmasını qəbul etmək istəmir, Azərbaycan və Ermənistan arasında konfliktin uzun müddət bölgədə davam etməsinə səylər göstərir.

Təəssüflər olsun ki, belə dövlətlərin sırasında separatçılara dəstəyini bu gün də davam etdirən İranın adı birinci sıradadır. O İran ki özü son 100 ildə bir neçə dəfə ayrı-ayrı xalqların milli oyanışı ilə qarşılaşıb, o İran ki son 20 ildə ABŞ və Qərbin sanksiyaları ilə üz-üzə olarkən daim Azərbaycanın mehriban qonşuluq siyasəti ilə rastlaşıb, Bakıdan hərtərəfli dəstək görüb. İran İslam Respublikasının qonşuluğunda yerləşən bir çox dövlətdən fərqli olaraq Azərbaycan daim Tehranla münaqişədə olan ölkələrə ərazisinin anti-İran plastdarmına çevrilməsinə razı olmayacağını bəyan edib. Lakin görünən odur ki, Azərbaycanın əsl qardaş və dost münasibəti heç də bütün dairələr tərəfindən lazım olan səviyyədə qiymətləndirilmir. Əks təqdirdə, Azərbaycan rəhbərliyinin “Dağlıq Qarabağ yoxdur, Qarabağ münaqişəsi yoxdur” kimi çıxışları qarşısında İran və Xankəndidəki separatçı tör-töküntüsü arasında münasibətlər davam etməzdi.

Bu yaxınlarda Azərbaycan mediası və İrandakı sosial şəbəkələrdə cənub qonşumuza aid olan yük maşınlarının Laçın dəhlizi vasitəsilə Xankəndiyə yüklər daşımasına yenidən şahid olduq. Burada xüsusilə vurğulamaq lazımdır ki, Laçın dəhlizinin hazırda mövcud olmasının bir səbəbi var. Bu dəhliz Ermənistan və Qarabağın dağlıq hissəsindəki erməni mülki əhali arasında nəqliyyat yoludur. Laçın dəhlizi və Xankəndi Azərbaycan ərazisidir və xarici ölkələrdən bu rayonlara səfərlərin edilməsi, hər hansı yüklərin daşınması ancaq Azərbaycanın icazəsi ilə həyata keçirilməlidir.

Belə olan halda İran tərəfinin icazəsiz şəkildə Azərbaycan ərazi sərhədlərini keçərək Xankəndiyə müxtəlif təyinatlı yüklər göndərməsi yolverilməzdir və buna dərhal son verilməlidir.

İran avtomobillərinin Qarabağın Dağlıq hissəsinə gediş-gəlişləri uzun müddətdir ki, heç kim tərəfindən təkzib edilə bilinməyəcək dəlillərlə ortadadır. Torpaqların işğalda olduğu dövrdəki gediş-gəlişi kənara qoysaq, təkcə postmüharibə dövründə mütəmadi olaraq bu faktlar müasir videoqurğular vasitəsilə qeydə alınıb. Misal üçün, iyulun 11-dən avqustun 8-nə kimi İrana məxsus 35 yük maşını Laçın dəhlizindən keçib və geri qayıdıb. Xatırlayırsınızsa, həmin vaxt - 11 avqust tarixində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər nazirliyinə çağırılmış, ona Bakının narahatlığı çatdırılmış, vəziyyətlə bağlı qarşı tərəfə nota verilmişdi.

Lakin İran Bakının sərt etirazını nəzərə almayaraq, Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni yollarla yük avtomobilləri göndərməyi bu gün də davam etdirir. Bunu təsdiqləyən foto və digər faktlar mövcuddur.

Məlum olub ki, avqustun 11-dən sentyabrın 10-dək İran qaçaqmalçılıq yolu ilə Xankəndiyə 58 yük avtomobili göndərib. Maşınların əksəriyyəti yanacaq-sürtgü materialı daşıyıb. Maşınların 55-i geri qayıdıb.

İranlıların və ermənilərin Qarabağa gedərkən müxtəlif hiylələrə əl atdığı da məlum olub. Müəyyənləşdirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına yaxınlaşanda avtomobillərin nömrə nişanı erməni nömrə nişanı ilə dəyişdirilir. Məqsəd Xankəndiyə gedən İran maşınlarının sayını gizlətməkdir.

İran və digər ölkələr diqqətdən qaçırmamalıdır ki, Azərbaycan tərəfi bundan əvvəl bəyan etdiyi kimi, Laçın dəhlizi vasitəsilə hansı avtomobillərin hara getdiyindən, kimin hara nə daşıdığından çox yaxşı xəbərdardır, Bakı Qarabağdakı bütün proseslərə nəzarət edir, təkzibedilməz faktları əlində əsas tutaraq gələcək addımları analiz edir. Bu xüsusda Azərbaycanın təkcə İran tərəfinə deyil, rus sülhməramlılarına da sualı var. Sülhməramlıların dəhlizdə separatçılığa dəstək üçün müxtəlif təyinatlı yüklərin girişinə icazə vermələri, bölgədə erməni silahlıları ilə bağlı hələ də tədbir görməmələri Üçtərəfli Bəyanatın pozulması və mandatı olmayan sülhməramlı institutunun gələcəyinin sual altına düşməsi ilə nəticələnə bilər.

Hər halda Azərbaycanın ərazi bütövlüyünün pozulmasında israrlı olan erməni separatçılarına dəstək verən qüvvələr gözlərini geniş açaraq ədaləti, sabitliyi, mehribançılığı tərənnüm edən qonşu ilə münasibətləri nizama salmalıdır. Bu fonda Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə bəzi dairələr “cahanda sülh, yurdda sülh” kimi yanaşmalı və unutmamalıdırlar ki, indiki dünyada regional təhlükəsizlik və sabitlik həm də yurddakı təhlükəsizlik və sabitlik deməkdir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR