Şuşa Bəyannaməsinin önəmli mesajları - Günün hadisəsinə baxış

Şuşa Bəyannaməsinin önəmli mesajları - <span class="red_color">Günün hadisəsinə baxış
# 15 iyun 2021 21:12 (UTC +04:00)

Tarix kitablarına uşaqlarımıza öyrədəcəyimiz daha bir gün əlavə olundu.
15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında "Şuşa Bəyannaməsi" adlı tarixi sənəd imzalanıb. Sənədi iki türk lider- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan imzalayıb. Bu sənəd Qars müqaviləsindən sonra Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşma olub.
Tarix kitablarımızda belə yazılacaq. 

Niyə tarixdən başladım? Mənə görə, bütün proseslərə və şəxsiyyətlərə ən doğru qiyməti tarix verir. Tarix hadisələrə və şəxsiyyətlərə münasibətdə müasirlərindən çox ədalətli davranır. 
Günün, ayın, ilin hadisələri çox olur,  tarixdə isə əsrin hadisələri qalır.
Dövrün məşhurları, siyasətçiləri çox olur, tarixdə yalnız liderlər və dövlət adamları qalır. 
Bu gün biz şəksiz ki əsrin hadisəsinə şahidlik elədik və bu hadisənin müəllifləri  hər iki ölkənin liderləri oldu. Yəni, tarixi şəxsiyyətlər tarix yazdı. 
Bu gün biz Şuşaya dövlət olaraq qayıtdıq. Şuşada dövlət ərkanımız adına layiq qarşılanma təşkil etdi, fəxri qarovul düzüldü. Şuşada regionun iki önəmli dövlətinin liderləri siyasi güclərin marağında olan, regionun gələcək taleyinin xəritəsini cızan açıqlamalar verdilər. Şuşanın adı əks olunan və yaxın günlərdə ciddi siyasi və güc mərkəzlərində müzakirə olunacaq Bəyannamə qəbul edildi. 
Bu gün Dövlətimiz Şuşada idi. Mədəniyyət paytaxtımız dağıdılmış, amma əsalətli görkəmi ilə güc, siyasi birlik, qardaşlıq mesajı verdi.

Bəyannamədə siyasi, iqtisadi, mədəni, hərbi, milli təhlükəsizlik, media, diaspora sahəsində birgə əməkdaşlıqdan bəhs edilib. Və qeyd edilib: "Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".
Hə, bir də Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm birgə iclaslarının keçirilməsi məsələsi vardı. Mənə görə, önəmli başlıqlardan biri də budur.
Türkiyənin Şuşada konsulluğunun açılması da mühüm məsələdir.
Bəyannaməni bircə sözlə ifadə etsək, mesaj budur: Birlik! 
Bu gün türklərin və türkün dostlarının sevindiyi gündür. 
Bu gün Şuşanın yenidən dillərə dastan olduğu gündür. 
Bu gün gözəl bayraqların Qarabağ səmasında qoşa dalğalandığı gündür. 

Azərbaycan lideri və dövlət adamı İlham Əliyev Türkiyəyə təşəkkür etdi. Dostumuzu da, düşmənimizi də o hamıdan yaxşı görür. 
İlham Əliyev heç kimi, heç nəyi unutmur, tarixi yaxşı bilir və siyasət masasında bir qrosmeyster dəqiqliyi ilə gedişlər eləyir. Şuşanı tikənləri- Pənahəli xanı və Heydər Əliyevi xatırladı. Vətən Müharibəsində yanımızda olanlara təşəkkür etdi, hamının dəyərini verdi. Ərdoğan demişkən, mətbuat konfransının yerinə qədər anlamlı bir mesaj verdi dünyaya.
O, bu gün Zəfərin müəllifi olduğunu bir daha göstərdi. O,  bu gün 250 ildən sonra məğlubiyyət çərxini döndərdiyi tariximizə daha uğurlu bir gün yazdı. 
Bu pafos deyil, həqiqətdir. 
Neçə əsrdən sonra biz məğlubiyyət sindromundan çıxdıq. Bunu İlham Əliyev xalq və ordusu ilə bacardı.
Neçə əsrdən sonra Türkiyə və Azərbaycan tarixi birliyə doğru rəsmi razılaşma imzaladı.
Bunu da Azərbaycan adına İlham Əliyev etdi. 
Biz unutmayacağıq! Tarix də unutmayacaq!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR