Vüqar Rəhimzadə: “10 noyabr Bəyanatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və yenilməz ordumuzun şanlı Qələbəsidir”

Vüqar Rəhimzadə

© APA | Vüqar Rəhimzadə

# 10 noyabr 2021 16:42 (UTC +04:00)

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr Bəyanatının imzalanmasından bir il ötür. Zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir. Arxada qalan bir il 10 noyabr Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi kimi, kimin kim olduğunu göstərdi”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

V. Rəhimzadə bildirib ki, 10 noyabr Bəyanatı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, məğlubedilməz, yenilməz ordumuzun şanlı Qələbəsidir: “Noyabrın 9-dan 10-na keçən gecə bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran ölkə Prezidenti İlham Əliyev bütün dünya azərbaycanlılarına 30 ilin işğalına son qoyulmasının, artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasının sevincini yaşatdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa zəfərindən sonra düşmənə növbəti ağır zərbə vuruldu. Ümumilikdə 27 sentyabrdan 10 noyabradək 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və strateji yüksəkliklər yağı düşməndən təmizləndi. İşğal altında olan digər rayonlarımızın - Ağdam, Laçın və Kəlbəcərin 10 noyabr Bəyanatına uyğun olaraq qan tökülmədən Azərbaycana qaytarılması hərbi-siyasi zəfərimizin bariz nümunəsidir”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsində nə qədər böyük, vətənpərvər, dəmir iradəyə malik xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib: “30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, mətinləşdik, gücləndik, özümüzü topladıq, “artıq yetər” deyib işğalla barışmadığımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdik. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının cədvəlini verdi. Hansı ki dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində dəfələrlə bildirirdi ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxmaları ilə bağlı konkret vaxt desinlər, biz də hərbi əməliyyatları dayandıraq”.

V. Rəhimzadə Bəyanatın özündə ehtiva etdiyi 9 bənddən irəli gələn vəzifələrin yerinə yetirilməsinə diqqəti yönəldərək bu gün üçün əsas olan məsələnin - sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirir və dəstək göstərməyə hazır olduqlarını bəyan edirlər. Azərbaycan tərəfi təkmil sülh modelini təqdim edib. Dövlət başçısı İlham Əliyevin bəyanatlarında bu fikir xüsusi yer alır ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz”.

O, region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsi, o cümlədən məğlub Ermənistanla nəqliyyat kommunikasiyalarının açılmasının prioritet məsələ kimi öndə olduğunu söyləyib: “Həmçinin yeni reallıqlara uyğun olaraq yeni əməkdaşlıq formatlarının yaradılması gündəmdədir. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaqla vəziyyəti gərginləşdirməyə çalışsa da, bunun mümkünsüzlüyünün fərqindədir. Dövlət başçısı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı zəfərimizdən bəhs edərkən bu məqamı xüsusi qeyd etdi ki, biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, bizim yumruğumuzu görəcək. Bizim yumruğumuz yerindədir”.

V. Rəhimzadə Azərbaycanın regionda, həmçinin, dünya çapında yeni reallıqlar yaratdığını, Qələbə çaldığını, düşməni torpaqlarımızdan qovduğunu vurğulayıb: “Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan çıxılmaz vəziyyətdə qalmışdı, ya tamamilə məhv olacaqdı, ya da sənədi imzalayacaqdı. Bu günün əsas məsələsi isə sülh müqaviləsinin imzalanmasıdır. Ermənistandakı siyasi və iqtisadi böhran, sosial və hərbi gərginlik bu addımın yaxın zamanlarda atılacağını qaçılmaz edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR