Ramiz Rövşənin “Nəfəs - kitablar kitabı” külliyatının təqdimat mərasimi keçirilib

Ramiz Rövşənin “Nəfəs - kitablar kitabı” külliyatının təqdimat mərasimi keçirilib
# 15 dekabr 2006 13:01 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Ramiz Rövşənin 60 illik yubileyi qeyd olunub. Bu münasibətlə şairin “Nəfəs - kitablar kitabı” külliyatının təqdimat mərasimi də keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar 60 yaşının tamam olması münasibətilə şairi təbrik edib və ona yaradıcılıq uğurları arzulayıb: “Mən çox sevinirəm ki, Azərbaycan xalqının Ramiz Rövşəni var. Bu gün bura gələn insanların sayı sübut edir ki, xalq Ramiz Rövşən yaradıcılığının vurğunudur”. Millət vəkili Vaqif Səmədoğlu 10 il bundan qabaq Ramiz Rövşənin 50 illik yubileyini isti ocaqda qeyd etdiklərini vurğulayıb: “Ümid edirəm ki, yaşının çoxalması sənin yaradıcılığına təsir etməyəcək. Arzum budur ki, hər zaman Azərbaycanın möhtəşəm Ramizi olaraq qalasan və bu ucalıqdan heç zaman enməyəsən. Məndən düz yeddi yaş kiçik olan Ramiz Rövşən sözün əsil mənasında öz sənətinin sənətkarıdır. Bir neçə il bundan əvvəl Ramiz mənə öz kitabını hədiyyə edəndə içərisinə “o şair bədbəxt şairdir ki, öz nəslindən olan şairi sevmir. Mən səni çox sevirəm” sözlərini yazmışdı. Bu sözlərin böyüklüyü və ucalığı mənə o andaca məlum oldu”. Tədbirdə xatirələrdən danışan Seyran Səxavət Ramiz Rövşənlə 42 illik dostluq tarixçəsinin olduğunu bildirib. “Bəzən bir insanı çox tərifləyəndə deyirlər ki, bəyəm bu göydən düşüb. Ancaq mən Ramiz haqqında deyirəm ki, Ramiz Rövşən göydən düşməyib, o elə göydədir. O, Azərbaycan poeziyasının ağır Seyididir. Ramiz Rövşənin hər bir şeri hər birimizin qəlbinə yol tapdı. Əsil sənətkar və şair də belə olmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR