“Neftçi” klubundan qovulan futbolçuların sayı səkkizə çatıb

“Neftçi” klubundan qovulan futbolçuların sayı səkkizə çatıb
# 06 noyabr 2008 12:07 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubu daha bir futbolçusundan imtina edib. “APA-Sport”un məlumatına görə, dördqat ölkə çempionu yayda transfer etdiyi Georgi Çelidze ilə yollarını ayırıb.

22 yaşlı gürcü hücumçu “APA-Sport”a açıqlamasında bu gün rəhbərliklə görüşərək, taleyinə aydınlıq gətirdiyini söyləyib: “Baş məşqçi Gede məni əvəzedici komandada oynamağa məsləhət bildi. Mən də vitse-prezident İlqar Quluzadəyə getmək istədiyimi bildirdim. Hazırda vətənimə yola düşməyə hazırlaşıram”.

Yayda Moskvanın “Lokomotiv” klubundan yarım illiyə icarəyə götürülən Çelidze “Neftçi”də daha çox ehtiyat oyunçular skamyasında qalırdı. O, komandanın heyətində daha çox meydana çıxmalı olduğunu düşünür: “Mən bura ehtiyatda oturmağa gəlməmişdim. Futbolçuya özünü göstərməsi üçün şans vermək lazımdır. Özü də bir-iki oyun yox, mütəmadi. Məni bir oyun meydana buraxdılar, sonra uzun müddət ehtiyatda qaldım”.

“Neftçi”yə gəldiyi üçün peşman olan Çelidze Gedenin islahatlarını səhv sayır. Onun fikrincə, əsas futbolçularını itirən komanda üçün nəticə qazanmaq çətin olacaq: “Məni komandaya gətirən Anatoli Demyanenko həm futbolçu, həm də məşqçi məşhur idi. Gedenin isə harada çıxış etdiyini bilmirəm. Mən gəncləşmənin əleyhinə deyiləm. Ancaq oynayan futbolçuları saxlamaq lazımdır. Komandamızda bəzi oyunçular meydanda yalnız qaçmaqla məşğul idi. Mən də belə edə bilərdim, ancaq bu, lazım deyil”.

Qeyd edək ki, Çelidze Gedenin “Neftçi”dən uzaqlaşdırdığı 8-ci futbolçu oldu. Komandada İntertoto kubokunu nəzərə alsaq, 7 oyun (238 dəqiqə) keçirən gürcü hücumçu qol vurmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR