Naci Şensoy: "De Byazinin komandasına bu cür yanaşması doğru deyil"

Naci Şensoy: "De Byazinin komandasına bu cür yanaşması doğru deyil"
# 14 oktyabr 2021 15:21 (UTC +04:00)

“Azərbaycan millisindən təklif gəlsə, “yox” deməyim mümkün deyil”.

Bunu apasport.az saytına açıqlamasında “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy deyib.

Türkiyə TFF I liqa təmsilçisi “Manisa”ya yenicə baş məşqçi təyin olunan 63 yaşlı mütəxəssis Azərbaycan millisini çalışdırmaq arzusunu gizlətməyib: “Azərbaycan millisində çalışmaq mənim üçün fəxr olar. 7 fərqli ölkədə çalışdığım üçün zəngin təcrübəm var. Eyni zamanda necə məşqçi olduğumu “Turan”da işləyərkən hamı görüb. Azərbaycan futbolunun inkişafına yararlı olacağıma şübhəm yoxdur. Orada azarkeşlərin də mənə olan xüsusi sevgisini nəzərə alsaq, AFFA-nın məni seçməsi ən doğru addım olar”.

Türkiyəli məşqçi yığmanın sükanı arxasına keçəcəyi təqdirdə, hansı strategiyanı tətbiq edəcəyini də açıqlayıb: “14-15 il əvvəl “Turan”a ilk dəfə gəldiyim zaman cavan futbolçulara önəm verdim, gənclərdən ibarət yığmanın 5 üzvünü klubuma dəvət etdim. Kamran Ağayevi, Aftandil Hacıyevi, Nadir Nəbiyevi üzə çıxardıq. Onlar da uzun müddət əsas millidə oynadılar. Millinin “sükanı arxası”na keçsəm, yenidən eyni sistemi formalaşdıraram. Sadəcə, oyunçulara özünəinam aşılamaq lazımdır”.

Hazırkı baş məşqçi Canni de Byazinin Azərbaycan millisinin FİFA reytinqində aşağı pillələrdə yer alması, rəqiblərin daha güclü olması ilə bağlı tez-tez səsləndirdiyi fikrə də münasibət bildirən Şensoy bunu doğru hesab etmir: “Baş məşqçinin komandasına bu cür yanaşması doğru deyil. Baş məşqçi oyunçularına müsbət enerji ötürməlidir. Onların səviyyəsinə, bacarıqlarına limit qoymaq yanlış addımdır. Yenicə baş məşqçisi təyin olunduğum “Manisa” klubu ardıcıl 5 oyun idi məğlub olurdu. Onlarla psixoloq kimi rəftar edirəm ki, özlərinə gəlsinlər. Əsas məsələ futbolçunun gizli bacarıqlarını ortaya çıxarmaqdır. Messi, Ronaldo kimi yüksək keyfiyyətli futbolçularla çalışmaq sizi böyük məşqçi etməz. Onlar, onsuz da, böyük oyunçulardır. Yaxşı məşqçi normal bacarığa malik oyunçunu yüksəldər, istedadını üzə çıxarar”.

Qeyd edək ki, AFFA ilə müqavilə müddəti DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər olan Canni de Byazi ilə yolların ayrılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR