"Neftçi"nin baş məşqçisi: "Futbolçular məşqlər, o ab-hava üçün çox darıxırlar"

"Neftçi"nin baş məşqçisi: "Futbolçular məşqlər, o ab-hava üçün çox darıxırlar"
# 30 aprel 2020 11:13 (UTC +04:00)

"Futbolçularla hər gün ünsiyyətdəyəm. Görüntülü və ya görüntüsüz əhvallarını soruşuram".

Bunu apasport.az saytına "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov deyib.

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasiləni dəyərləndirən gənc mütəxəssis Premyer Liqanın mayın 23-də başlama ehtimalına da münasibət bildirib. O, futbolçuların bu xəbərə çox sevindiklərini söyləyib: "Futbolçularla əlaqə saxlayanda hamısının ilk sualı bu olur ki, müəllim, bir xəbər yoxdur, nə vaxt başlayırıq? Məşqlər, o ab-hava üçün çox darıxırlar. Peşəkar Futbol Liqasının son qərarının ardından da məşqlərə başlayacağımıza ümidləri artdı. Çox sevinirdilər. Əlbəttə ki, indiki durum onlar üçün sıxıcıdır".

Məmmədov karantin rejiminə görə gününü evdə keçirməsinə baxmayaraq, boş vaxtının olmadığını vurğulayıb: "Evdən yalnız marketdən və ya aptekdən nəsə lazım olanda çıxıram. Günüm evdə keçir. O vaxtdan həyətdə qaçıram, qidama diqqət edirəm ki, kökəlməyim. Həm də komandanın işi o qədərdir ki, evdə də boş oturmuram. Komandamın oyunlarını izləyirəm, təhlillər aparıram. Məşqlər tezliklə başlayacaq, artıq planımızı hazırlamalıyıq".

Qeyd edək ki, Premyer Liqada mübarizə XX turdan sonra dayandırılıb. Hazırda aktivində 37 xalla ikinci pillədə qərarlaşan "Neftçi" lider "Qarabağ"dan 7 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR