Azərbaycan millisinin baş məşqçisi: “Sürətlə böyüməyə ehtiyac var”

Canni de Byazi

© APA | Canni de Byazi

# 07 may 2021 09:58 (UTC +04:00)

“Millidə iş davam edir, daha çox çalışmalıyıq. Bütün oyunçularımın Azərbaycanda daxilində oynamasına baxmayaraq, sürətlə böyüməyə ehtiyac var”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis millimizdəki işindən də bəhs edib. Qarşıda Türkiyə, Belarus və Moldova ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan de Byazi, xüsusən də, Türkiyə yığmasını tərifləyib: “Bunlar qəti sınaqlardır. Türkiyə yığması böyüyür, ölkədən kənarda bir çox oyunçuları var. Öz çempionatlarındakı futbolçular, demək olar ki, ehtiyat qüvvə sayılır. Maraqlı nəticələr əldə ediblər. İtaliya yığması AVRO-2020-nin ilk matçında onlara qarşı arxayın hazırlaşmamalıdır”.

İtaliyalı çalışdırıcı milli çempionatların birləşdirilməsi ideyasına da münasibət bildirib. O, Azərbaycan çempionatının ürəkaçan səviyyədə olmadığını da vurğulayıb: “Çempionatların birləşdirilməsi ideyası təqib edilə biləcək modeldir. Dəqiq araşdırılmalıdır. Bəlkə də, Belçika ilə Niderland arasında daha maraqlı və stimullaşdırıcı çempionat təşkil edilə bilər. 1991-ci ilədək Azərbaycan komandaları SSRİ çempionatında oynadığı zaman texniki baxımdan müsbət ssenari var idi. Bu gün Azərbaycan çempionatı böyük liqa deyil. Cəmi 8 klub var ki, heyətlərində 6 yerli çıxış edir və onlardan biri də gəncdir. Azərbaycanlı futbolçu o qədər azdır ki, seçim imkanı yoxdur. Əgər legioner limitini aradan qaldırsalar, futbolçular başa düşər ki, rəqabətsiz əsas liqada oynaya bilməzlər. Mən bunu öz ziyanıma deyirəm. Amma belə olsa, inkişaf artar. Ən azı yuxuda olanları oyadırsınız, çünki onsuz da çox oynayırlar”.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, 5-də isə Kişinyovda Moldova ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR