Silahlı Qüvvələrə İctimai Nəzarət üzrə Monitorinq Qrupu “2006-cı ilin yekunlarına görə Azərbaycan Silahlı Qüvvələrində insan haqlarının vəziyyətinə dair” hesabat hazırlayıb

Silahlı Qüvvələrə İctimai Nəzarət üzrə Monitorinq Qrupu “2006-cı ilin yekunlarına görə Azərbaycan Silahlı Qüvvələrində insan haqlarının vəziyyətinə dair” hesabat hazırlayıb
# 29 yanvar 2007 12:51 (UTC +04:00)
Silahlı Qüvvələrə İctimai Nəzarət üzrə Monitorinq Qrupunun “2006-cı ilin yekunlarına görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində insan haqlarının vəziyyətinə dair” hesabatının təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli hazırlanan hesabatın güc strukturlarına və dövlət başçısı İlham Əliyevə göndəriləcəyini qeyd edib. Hesabatda əks olunan məqamlara toxunan Y. Cəfərli Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı hərbi əməliyyatların intensiv keçdiyi 1991-94-cü illərdə 20-25 min Azərbaycan əsgərinin həlak olduğunu, 4500-ə qədərinin itkin düşdüyünü, əsir və girov götürüldüyünü bildirib: “Atəşkəs rejimini dövründə Azərbaycan Ordusunun 3 minə yaxın hərbi qulluqçusu ön cəbhədə həlak olub. Ötən il müxtəlif səbəblərdən 46 hərbçi ölüb, 15-i isə yaralanıb. 2006-cı ildə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi birləşmələrdə xidmət keçən 3 hərbi qulluqçu - Vüsal Qaracayev, Samir Məmmədov və Eldəniz Nuriyev düşmən tərəfindən əsir götürülüb”. 2006-cı ildə hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinin genişləndirilməsi istiqamətində islahat aparılmadığını xatırladan Y. Cəfərlinin sözlərinə görə, itkin, əsir və girov düşənlərin ailə üzvləri üçün də hər hansı bir status, güzəşt və ya imtiyazlar verilməyib. “Hərbi qulluqçuların statusu” haqqında qanunun 12 maddəsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən onlara heç bir yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmayıb. Y. Cəfərli hərbi xidmət zamanı çoxlu neqativ hala rast gəlindiyini də söyləyib: “Bununla əlaqədar Müdafiə Nazirliyi tərəfindən heç bir tədbir görülmür və ya faktlar gizlədilir”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə APA-ya bildirib ki, açıqlanan hesabatla tanış deyillər. Hesabatda qeyd olunanlara gəlincə, İ. Verdiyev Müdafiə Nazirliyi rəhbərliyinin bu faktlarla mübarizə apardığını söyləyib: “Hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunların qəbul edilməsi Müdafiə Nazirliyinin səlahiyyətindən kənar olduğundan qurumun ittiham olunması düzgün deyil. Baş verən rüşvət hallarına gəlincə, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq bu faktlar aşkarlandığı təqdirdə, günahkarların cəzalandırılmasını təmin edir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR