Sülhməramlı taborun bir qrup zabiti polkovnik-leytenant Rasim Muradovla bağlı bəyanat yayıb

Sülhməramlı taborun bir qrup zabiti polkovnik-leytenant Rasim Muradovla bağlı bəyanat yayıb
# 29 yanvar 2007 14:32 (UTC +04:00)
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sülhməramlı taborunun bir qrup zabiti həmin hərbi hissə komandirinin keçmiş müavini, polkovnik-leytenant Rasim Muradovun hərbi hissənin rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda qeyd edilib ki, sənədi imzalayan zabitlər Sülhməramlı Qüvvələrin tərkibində İraq, Əfqanıstan və Kosovoda xidmət ediblər: “Rasim Muradov bizim hərbi hissədə xidmət etdiyi 9 il ərzində özünü bacarıqsız, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını təşkil edə bilməyən, hərbi kollektivin ictimai həyatına qatılmayan, intizam qaydalarını tez-tez pozan zabit kimi göstərib. Hərbi hissədən kənarda əsgərlərin valideynlərindən qiymətli hədiyyələr, pul alıb. Rasim Muradovun xidmət yerinin Naxçıvana dəyişdirilməsini cəza tədbiri kimi qiymətləndirməsi onun vətənpərvər olmadığının göstəricisidir. Azərbaycan zabiti ölkənin hər yerində xidməti özünə şərəf borcu bilməlidir. O, gələn kimi mənzillə təmin olunub, heç bir təzyiqə də məruz qalmayıb”.
Qeyd edək ki, R. Muradov Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin yanvarın 25-də keçirdiyi mətbuat konfransına telefonla qatılaraq, “N” saylı hərbi hissəsinin sülhməramlı taborun külli miqdarda yeyinti hallarının baş verdiyini, hərbçilərin məvaciblərinin mənimsəndiyini deyib. O, bu qanunsuzluqlara etirazını bildirdiyi üçün cəzalandırılaraq, Naxçıvana köçürüldüyünü iddia edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR