Sərnişindaşımada münasibətləri tənzimləmək üçün qanun layihəsi hazırlanır

Sərnişindaşımada münasibətləri tənzimləmək üçün qanun layihəsi hazırlanır
# 30 yanvar 2007 10:59 (UTC +04:00)
Sərnişindaşımada münasibətləri tənzimləmək üçün Nəqliyyat Nazirliyi qanun layihəsi hazırlayır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov APA-ya bildirib ki, qanun layihəsinin hazırlanmasında idarənin mütəxəssisləri də iştirak edib. BDYPİ-nin təklifləri sərnişin daşıma zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Şöbə rəisinin sözlərinə görə, hazırda bu sahədəki münasibətləri nizamlayan hüquqi-normativ sənədlərin heç birində DYP ilə razılaşma, onun fikrini öyrənmək nəzərdə tutulmayıb: “Bu sahədəki problemlərdən yalnız biri-sürücülərin yol hərəkəti qadalarına əməl etməsi Dövlət Yol Polisi İdarəsinə aiddir. Sərnişindaşıma sahəsində qayda pozuntularına yol verən şəxslər barəsində inzibati cəza tədbirinin görülməsi vəziyyətdən çıxış yolu deyil. İlk növbədə, prezidentin sərəncamı ilə nəzərdə tutulan tədbirlər görülməlidir. Şəhərdaxili sərnişindaşıma marşrutlarının yenidən müəyyənləşdirilməsi, bütün ictimai nəqliyyat dayanacağı yerlərinin yenidən müəyyən olunması, onların küçə kəsişmələrindən və nəqliyyat qovşaqlarından uzaqlaşdırılması, avtobusların qrafik üzrə hərəkətinin tətbiq edilməsi, avtobus dayanacaqlarının genişləndirilməsi, mikroavtobusların iritutumlu avtobuslarla əvəz edilməsi istiqamətində tədbirlərin görülməsi və s. məsələlərin həlli bizim səlahiyyətimizdə deyil. Təkcə DYP-nin köməyi ilə bu sahədə qayda-qanun yaratmağın mümkünlüyünü düşünmək sadəlövhlükdür”. Bu sahədəki münasibətləri nizamlayan hüquq-normativ bazanın yaradılmasının zəruriliyini qeyd edən Ə.Məcidov bu məqsədlə Avropa ölkələrinin təcrübəsini öyrənməyi, ondan yararlanmağı vacib sayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR