Atasını qatar vuran şəxs məhkəmənin işə ədalətli baxmadığını bildirir

Atasını qatar vuran şəxs məhkəmənin işə ədalətli baxmadığını bildirir
# 07 fevral 2007 12:29 (UTC +04:00)
“Məhkəmə və prokuror atamın qanını batırır”. APA-nın məlumatına görə, bunu ötən il iyunun 29-da Sumqayıt istiqamətində hərəkət edən elektrovoz tərəfindən vurulan Surxay Hüseynovun oğlu Şakir Hüseynov vəkil Rəsul Yusifbəyli ilə keçirdiyi mətbuat konfransında deyib. Şakir Hüseynov işlə bağlı məhkəmənin gedişindən narazılığını bildirib və işə ədalətli baxılmasını tələb edib. R. Yusifbəyli isə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun 4 avqust 2006-cı il tarixli rəyini jurnalistlərin nəzərinə çatdırıb. Onun sözlərinə görə, rəydə lokomotivi idarə edən maşinist və maşinist köməkçisinin səhlənkarlıq etdikləri, hadisənin bu səbəbdən baş verdiyi qeyd olunub: “Buna baxmayaraq, işə baxan Binəqədi rayon Məhkəməsinin hakimi Mədinə Bağırova maşinistlər Mütalib Rüstəmov və Ramiz Şahbalıyevin tərəfini saxlayır”.
M. Bağırova isə APA-ya açıqlamasında ünvanına söylənilən ittihamları əsassız adlandırıb. O, bu günə qədər işə qanunauyğun şəkildə baxıldığını qeyd edib: “Məhkəmə tərəfindən ekspertiza təyin olunub. Ekspertizanın rəyindən sonra hökm çıxarılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR